Məhkəmə qərarları › İş №3(016)-33/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-33/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-33/2024 31.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Ağsu rayonu, Padar kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Padar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 22:30 radələrində Kia markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı Patrul avtomaşınında YPX inspektoru polis baş serjantı Rais Baxşıyevlə birlikdə Ağsu şəhər, Vidadi küçəsində xidmətdə olarkən VAZ 21154 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü əhalinin dincliyini nümayişkar şəkildə pozaraq mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxdığı üçün tərəflərindən saxlanılmış, özlərini təqdim edib, avtoxuliqanlıq hərəkətlərini izah etmişlər. Barəsində tədbir götülməsini xahiş etdi. Verilən suallara cavab olaraq X3 bildirmişdir ki, dairəyə yaxınlaşanda Şəxs maşını saxladı, digər maşınlar keçdikdən sonra avtoxuliqanlıq hərəkətləri etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 22:30 radələrində qohumu Abuşov Samitin adına məxsus olan VAZ 21154 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşını qohumu içkili olduğu üçün o, idarə etmişdir. Ağsu şəhər, Vidadi küçəsində hərəkətdə olan zaman YPX əməkdaşları ona saxla əmri vermiş, o, dərhal maşını saxlamış, ondan sürücülük vəsiqəsini tələb etmiş, o da vəsiqəsini təqdim etmişdir. Daha sonra ondan spirtli içki qəbul edib etmədiyi soruşulmuş, o, qəbul etmədiyini demiş, yoxlama zamanı həqiqətən içki içmədiyi məlum olmuşdur. O, YPX əməkdaşlarından onu nə üçün saxladıqlarını soruşmuş, ona avtoxuliqanlıq etdiyi bildirilmişdir, halbuki o, heç bir avtoxuliqanlıq hərəkəti etməmişdir. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilən suallara cavab olaraq Şəxs bildirmişdir ki, dairəyə yaxınlaşanda maşını saxlamışdır, bir tərəfdən yük maşını gəlirdi, həmin maşın keçdikdən sonra hərəkətini davam etdirmişdir. O, dairəyə yaxınlaşanda YPX maşınını görmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında Şəxs dediklərini müdafiə edərək bildirdi ki, video görüntüdən də görünür ki, orda avtoxuliqanlıq hərəkətləri yoxdur. Bu səbəbdən, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, içkili olduğuna görə avtomobilin idarəetməsini əmisi oğluna vermişdir. Həmin vaxtı onlar bazar tərəfdən gəlirmişlər. O, oraları, yəni küçəni yaxşı tanımır, adını bilmir. Ordan qalxmışlar yuxarı Bolmart tərəfdən üzü Şəhidlər xiyabanı tərəfə. Ordan qalxanda bir tərəfdən yük maşını digər tərəfdən də maşın gəlirmiş. Yol patrul maşını da Bolmartın qarşısında dayanıbmış. Maşını idarə edən əmisi oğlu dayanmış və sola dönmə nişanını yandırmışdır. Maşınlar gəlib keçmiş, keçəndən sonra əmisi oğlu hərəkət etmişdir. Elə polis əməkdaşının qabağından keçmişdir. Polis əməkdaşı ilə aralarında 20 metr məsafə olardı. Orda avtoxuliqanlıq hərəkəti olmamışdır. Həmçinin bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 tərəfindən polis şöbəsində onun izahatı alınarkən Mustafa Hacıyev, Şəxs güya avtoxuliqanlıq hərəkətləri etməsi kimi izahat verməyə məcbur etmiş, lakin o, belə bir izahat verməyəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq X4 bildirmişdir ki, dairəyə yaxınlaşanda Şəxs maşını saxlamış, digər maşınlar getdikdən sonra Aslan maşını sürmüşdür. Dairədə gözlüyəndə YPX maşınını görmüşdür. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahid qismində dindirilmiş X2 izahatlarından görünür ki, Şəxs dairəyə yaxınlaşdıqda durmuş, digər nəqliyyat vasitələri keçdikdən sonra hərəkətini davam etdirmişdir. Həmçinin, iş materiallarında olan video görünütüyə və fotoşəkillərə baxış keçirilmişdir. Video görüntüdə Şəxs tərəfindən hər hansı avtoxuliqanlıq hərəkətlərinin edilməsi təsdiq edilmir. Bundan əlavə, fotoşəkillərdə görünən təkər izləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin təkər izlərinin məhz Şəxs idarə etdiyi nəqliyyat vasitəsi tərəfindən edildiyi müəyyən olunmur. Belə ki, yoldan digər nəqliyyat vasitələri istifadə etməklə hərəkət edirlər. Belə olan halda, həmin təkər izlərinin başqa nəqliyyat vasitələrinə aid olması istisna edilmir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” protokolun əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. İXM-in: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs məhkəmədə göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs məhkəmədə göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar