Məhkəmə qərarları › İş №3(016)-340/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-340/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-340/2023 28.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC 13035,00 Avro məbləğində olan vəsaiti 14 iyul 2021-ci il tarixində xaricə köçürmüş və 2 il keçsə də, ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, həmin 13035,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 15 iyul 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İXM-in 64.3-cü maddəsinə əsasən, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş və xx.xx.2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilən 04 avqust 2023-cü il tarixli, EP №0087812 nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 13035,00 Avro məbləğində olan vəsaiti Bank hesabından 14 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, həmin məbləğdən 13035,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İXM-nin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməli İXM-in 430.4-cü maddəsi ilə tövsif edilməli, cəmiyyət həmin xətaya görə təqsirli bilinib, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 13035,00 Avro məbləğində (avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) valyuta vəsaitinin 20 (iyirmi) faizi miqdarında, yəni 2607 Avro məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar