Məhkəmə qərarları › İş №3(016)-352/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-352/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-352/2025 02.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, iştirakları ilə, xx.xx.1989-cu ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu RPŞ-nin PYPB-nin YPX inspektoru Rais Baxşiyevin adından vətəndaşlardan pul almaqla dələduzluq əməli törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izaht verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu RPŞ-nin PYPB-nin YPX inspektoru Rais Baxşiyevin adından Zərərçəkmiş şəxs pul almışdır. Daha sonra məsələ aydın olmuş və barəsində İXM-in 227ci maddəsi ilə protokol tərtib edilmişdir. Onun barəsində İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, əməlindən peşmandır, özünü təqsirli bilir. İçkili olmuş, bu səbəbdən polisin adından pul istəmiş, 20 manat pul almış, geri qaytarmamışdır. 2 övladı var. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə onun telefonuna zəng gəlmiş, özünü polis əməkdaşı Rais kimi təqdim edən şəxs ondan kartına 20 manat pul atmasını istəmişdir. O, pulu kartına atmış, bir neçə gün sonra Raisi görən zaman pulu nə vaxt qaytaracağını soruşmuş, bundan sonra bilmişdir ki, pulu ondan Rais yox başqa bir şəxs almışdır. Ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 02 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu RPŞ-nin PYPB-nin YPX inspektoru Rais Baxşiyevin adından vətəndaşlardan pul almaqla dələduzluq əməli törətmişdir. - Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. - “İnzibati qaydada tutma haqqında” 01 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2025-ci il tarixli qərarı, “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli protokol və digər iş materialları ilə təsdiq olunur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsluliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 01 dekabr 2025-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar