Məhkəmə qərarları › İş №3(016)-365/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-365/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-365/2025 25.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, X1 iştirakı ilə, X4 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32114369 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 346.5-ci maddəsi ilə (nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə) inzibati tənbeh edilməyi haqqında xx.xx.2025-ci il tarixli EQ 32114369 saylı qərarın ləğv edilməsi və həmin qərarın X5 aid edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Renault” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibrnamə əsasında idarə edir. Həmin avtomobillə xx.xx.2025-ci il tarixində həmkəndlisi olan X6 ilə Bakı şəhərinə onun şəxsi işi ilə əlaqədar getmişlər. Orada olarkən onun başından qəflətən şiddətli ağrılar tutduğundan, avtomobili idarə edə bilmədiyindən və Tağının də sürücülük vəsiqəsi olduğundan, avtomobili sürməyi ona bildirmiş və razılığı ilə onun tərəfindən idarə edilməklə yaxınlıqda aptek axtarıb tapıb müvafiq dərman alsın, ona görə də bundan sonra avtomobili o, idarə etməyə başlamışdır. Onlar aptek tapdıqdan sonra aptekin yaxınlığında Tağı avtomobili yolun qırağında saxlamışdır ki, o, düşüb aptekə getsin və düşmüşdür. O düşən yerdə maşın saxlamaq çox olmazdı, çünki arxadan gələn nəqliyyat vasitələrinə maneçilik törədirdi, odur ki, o, avtomobildən düşəndən sonra Tağı avtomobili irəli sürmüşdür ki, gedib avtomobili saxlamağa yer tapıb, onu gözləsin. O, aptekə girəndə orada xeyli adamlar olduğundan növbə gözləyib dərman almağı təxminən 15 dəqiqə vaxt çəkmişdir. Dərman alıb birini qəbul edib gözləmiş, bir az özünə gəəndən sonra çıxıb, Şamil Əzizbəyov küçəsi ilə gedib avtomobilin dayandığı yerə gələndə görmüşdür ki, Tağı mağazadan siqaret almaqdan gəlir. Avtomobilin saxlandığı yerə gələndə görmüşdür ki, ora yol kəsişmə yerinin yaxınlığıdır, odur ki, Tağıya iradını bildirib demişdir ki, yol polisi gəlib görsə dərhal protokol yazar, tez burdan gedək, o isə demişdir ki, yer tapmayıb ki, saxlasın. Odur ki, bundan sonra özü sükan arxasında əyləşib avtomobili sürərək işinin dalınca getmişdir. Bir qədər keçəndən sonra onun telefonuna cərimə gəlmişdir. Bilmişlər ki, onlar orada olmayanda yol polisi əməkdaşı avtomobilin dayandığı yerdə telefonla fotoşəklini çəkib və bunun əsasında protokol və onun da əsasında qərar yazıb. Onda Tağıya acığı tutmuşdur ki, ona cərimə balı gətirdi və bir az deyinmişdir, ona qarşı o da sonradan bildirmişdir ki, səhvi edib özü cəriməni ödəyər. Yenə də ona acığı tutmuşdur ki, bunun dəyişdirilməsi uzun məsələdir, gərək məhkəməyə müraciət etsin. Beləliklə Tağının səhv hərəkəti nəticəsində barəsində cərimə gəlmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, X4 Bakı şəhərində olan zaman, maşını X4 idarə edirdi. Qəflətən Arzunun başı ağrıdığı üçün avtomobili idarə etək üçün ona vermişdir. Daha sonra, Arzu dərman almaq üçün aptekə getmiş, o da maşını saxlayıb siqaret almaq üçün mağazaya getmişdir. Elə yolu keçəndə artıq avtomobili çəkdiklərini görmüşdür. Verilən suala cavab olaraq X6 bildirmişdir ki, inzibati xəta Arzu Kərimov tərəfindən deyi, onun özü tərəfindən törədilmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasında təmsil olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32114369 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X4 İXM-in 346.5 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İXM-in 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İXM-in 346.5-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta X4 tərəfindən deyil, X6 tərəfindən törədilmişdir. Belə olan halda, inzibati tənbeh vermə haqqında qərar Tağı Bədəlov barəsində qəbul edilməli idi. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.6-cı maddəsinə əsasən, isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32114369 saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş əlavə araşdırılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32114369 saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar