Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-388/2023 03.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağsu rayon PŞ-nin polis sahə ispektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu şəhəri M.A.Əliyev prospektində və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu rayonunda qanunsuz olaraq narkotik vasitə olan “marixuanadan” istifadə etmişdir. Bu barədə Ağsu RPŞ-nin sahə rəisi, polis mayoru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinn sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, yaşadığı binada qonşusu X2 qapı-pəncərə sexi vardır. Orada usta işləyir. 07 iyul 2023-cü il tarixdə sexə yanına gedəndə telefonda konturu olmasını soruşmuşdur. O, da öz növbəsində təsdiq edəndə telefonunu alıb kiməsə zəng vurmuşdur. Sabahı günü onun nömrəsinə zəng gəlmişdir ki, Polis Şöbəsinə yaxınlaşsın, bu nömrədən narkotik satanla danışmışdır. Həmin vaxt Eldar onun telefonu ilə Hakimlə danışmışdır. Onu rayon sakini kimi tanıyır. Qardaşının mağazasına sonuncu telefon, katric gətirir, oradan tanımışdır. Telefonda mikrofonla danışanda narkotik istədiyini eşidən kimi telefonu söndürmüşdür. Belə bir vərdişləri yoxdur. Belə bir vəziyyətlə ilk dəfə idi qarşılaşmışdır. Onun heç bir günahı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana istifadə etmiş və İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 32.3 və 234.2-ci maddəsi ilə aparılan cinayət təqibinə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağsu rayon Polis şöbəsinin İTB-yə göndərilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1223 saylı rəyinə əsasən Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülməməsi qeyd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin: 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şəxs barəsində tərtib olunan MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokolda onun qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs narkotik vasitədən harda, hansı narkotik vasitədən istifadə etməsi faktı öz əksini tapmamışdır. Belə ki, məhkəmə iclasında verdiyi izahatında onun istifadə etdiyi telefonu ilə başqa şəxslərin əlaqə saxlamasını, onların narkotik satışı ilə məşğul olmasını başa düşdüyünü qeyd etmiş, bu hal iş materiallarına əlavə edilən Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərarında da əksini tapmışdır. Eyni zamanda Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1223 saylı rəyində də Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olduğu, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülməməsi qeyd edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ saylı qanununun İ siyahısında Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı əks olunmuşdur. Həmin siyahıda Məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1223 saylı rəyində qeyd olunan “kannobinoid”lər narkotik vasitələr siyahında əks olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutur. Qeyd olunan maddənin dispoziyasından göründüyü kimi inzibati xətanın obyekti qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsidir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində inzibati xətanın obyekti - narkotik vasitənin istehlak edilməsi faktı öz təsdiqini tapmır. Belə ki, “kannobinoid” qanunla müəyyən edilmiş narkotik vasitələr siyahısında qeyd edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetirilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-388/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-388/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver