Məhkəmə qərarları › İş №3(016)-392/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-392/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-392/2023 12.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 548.2 maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC Mərkəzi bankın xx.xx.2023-cü tarixli,6-1-26/2-4726/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir.İnzibati Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir İXM-in 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs ASC-nin yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.3-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. “Qiymətli Kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun: 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir. 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İXM-nin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 27.09.2023-cü il tarixli, EP №0087127 nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, hüquqi şəxs AĞSU-KONSERV-1” ASC Mərkəzi bankın xx.xx.2023-cü tarixli,6-1-26/2-4726/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. - Mərkəzi bankın xx.xx.2023-cü tarixli,6-1-26/2-4726/2023 saylı məktubundan grünür ki, Şəxs ASC 2022-ci ilə dair emitentin illik hesabatını Mərkəzi Banka təqdim etməmişdir. İXM-nin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ASC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs ASC-nin əməli İXM-in 548.2 maddəsi ilə tövsif edilməli, cəmiyyət həmin xətaya görə təqsirli bilinib, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar