Məhkəmə qərarları › İş №3(016)-41/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-41/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-41/2024 05.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək onları söyüb təhqir etmiş, xırda xuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:28 radələrində özünə məxus avtomobili ilə evdən çıxıb Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən tanışına məxsus “Ailə Market” mağazasını açmağa gedərkən marketin yaxınlığında iki nəfər həmkəndliləri marketin yaxınlığında yolun kənarında dayanıbmış. O avtomobili marketin qarşısında saxlamış, maşından düşmüş, mağazanı açmaq istəyən zaman qonşusu Rəmziyyə ona “Vəhşisən? Maşını yavaş sürə bilmirsən?” demiş, bu zaman aralarında sözlü mübahisə olmuş, bir birlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:45-də bacısı Rəmziyyə ilə Ağsu rayonu, Qaraqaşlı kəndində “Ailə Market” mağazasının yaxınlığında yolun kənarında dayanıb maşın gözləyirmişlər. Bu vaxt Ağsu rayonu, Qaraqaşlı kəndində yaşayan Şəxs özü idarə etdiyi ağ rəngli avtomobil ilə yanlarından sürətlə keçib saxlamış, onlar Şəxs sürətlə keçməyini irad tutmuş, bu zaman həmin şəxs onları nalayiq ifadələrlə təhqir etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:45-də bacısı Gülyavaq ilə Ağsu rayonu, Qaraqaşlı kəndində “Ailə Market” mağazasının yaxınlığında yolun kənarında dayanıb maşın gözləyirmişlər. Bu vaxt Ağsu rayonu, Qaraqaşlı kəndində yaşayan Şəxs özü idarə etdiyi ağ rəngli avtomobil ilə yanlarından sürətlə keçib saxlamış, onlar Şəxs sürətlə keçməyini irad tutmuş, bu zaman həmin şəxs onları nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 05 fevral 2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar