Məhkəmə qərarları › İş №3(016)-420/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-420/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-420/2023 01.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Ağsu rayonu, Dilman kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qocayev X6 Rayon Məhkəməsinin 2(050)-1644/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Həmin qətnamə üzrə 14 sentyabr 2015-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1644/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay 150 manat pul məbləğində aliment alınaraq tələbkara verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. Bundan sonra Masallı Rayon Məhkəməsinin 2(050)-2509/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən aliment artırılmış və Şəxs iki uşağın saxlanması üçün hər ay 280 manat pul məbləğində aliment alınaraq tələbkara verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. Hər iki qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Hazıradək Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Hazıradək yığılmış ümumi 16300 manat borcdan 12300 manatı ödənilmiş və 4000 manat borcu qalmışdır. Borclu isə bildirir ki, əlavə 1800 manatda ödəniş etmişdir, lakin bunu təsdiq edən qəbzləri icra qurumuna təqdim etmədiyi üçün tərəflərindən həmin borcdan çıxılmamışdır. Tələbkar isə bildirir ki, kart hesabında görünən həmin 1800 manat pul borclu tərəfindən yox, müxtəlif mənbələrdən daxil olmuşdur. Borclu hazırda 300 manat ödəniş etməyə hazırdır, lakin tələbkar qəbul etmir. Onu edəcəyi təqdirdə borclunun bu günə olan rəsmi borcu 3700 manat olacaqdır. Qeyd olunanlara əsasən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildiridi ki, ondan əvvəl Masallı Rayon Məhkəməsinin 2(050)-1644/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə hər ay 150 manat, daha sonra Masallı Rayon Məhkəməsinin 2(050)-2509/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən hər ay 280 manat pul məbləğində aliment alınaraq X4 verilməlidir. Hazıradək yığılmış ümumi 16300 manat borcdan 14100 manatını hissə-hissə ödəmiş və qalıq borcu 2200 manat borcu qalmışdır. Hazırda da 300 manat ödəniş etməyə, qalan hissəsini qısa müddətdə ödəməyə hazırdır, lakin tələbkar razılaşmır. O, qətnaməni icra etməkdən yayınmır, qısa müddətdə qalıq borcu tam ödəyəcəkdir. Uşaqlar onun uşaqlarıdır və daim baxmağa hazırdır. X2 məhkəmə iclasında izahat verərək alimentin vaxtında ödənilməsini xahiş edərək bildirmişdir ki, borclu hazıradək yığılmış 16300 manat borcdan 12300 manat ödəniş etmiş, həmin karta əlavə ödənilmiş 1800 manat pul vəsaiti borclu tərəfindən deyil, onun yaxın qohumları tərəfindən göndərilmiş pul vəsaitidir. Hazırda borclu 300 manat ödəniş etmək istəyir, lakin o, həmin pulu qəbul etməkdən imtina edir, çünki qalıq borcun hamısını tam istəyir. Bu səbəbdən borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş ciddi tədbir görülməsini və barəsində həbs növündə intizam tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların tələbindən görünür ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icrasına maneələr yaratmamış və bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, iş materillarında olan sənədlərdən görünür ki, Şəxs hazıradək olan 16300 manat borcdan cəmi 12300 manat ödəniş etmiş, hazırda da 300 manat məbləğində ödəniş etməyə hazırdır, lakin tələbkar qəbul etmir. Eyni zamanda iş üzrə borclu tərəfindən mütəmadi olaraq pul köçürülən kart hesabında artıq ödənilmiş 1800 manatın borclu və ya tələbkarın yaxın qohumları tərəfindən ödənilibödənilməməsi ilə bağlı mübahisəli hal mövcuddur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar