Məhkəmə qərarları › İş №3(016)-426/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-426/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-426/2024 01.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, Nizami küçəsində səs-küy salaraq ünvanlı və ünvansız nalaiq küçə söyüşləri söymüş, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, Nizami küçəsində spirtli içkinin təsiri altında uca səslə küçə söyüşləri söyərkən polis əməkdaşları ona yaxınlaşaraq ictimai yerdə nalayiq küçə söyüşləri söyməsinin inzibati xəta tərkibi yaratmasını ona izah etmişlər. Daha sonra onu Ağsu RPŞ-yə gətirmişlər. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Fikrət Şamxalovla birlikdə Ağsu şəhəri, Nizami küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin küçədə ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söydüyünü görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-yə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 01 avqust 2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə küçədə səs-küy salaraq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 01 avqust 2024-cü il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar