Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-427/2023 07.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanına qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X2 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Anar Səlimzadə əridir, onunla 2023-cü ilin iyun ayında evlənmiş, həmin vaxtdan da münasibətləri normal olmamışdır. Təxminən bir həftə bundan əvvəl qayınatası Məzahir ondan qızılları istəmiş, qızılları verməkdən imtina etdiyi üçün qayınatası onun sağ qolundan tutub itələmiş, həmin vaxtı xəsarət alsa da bu barədə şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olduqları vaxtı əri Anar qızılları atasına verməsini demiş, o da Anara qızılları atasına verməyəcəyini bildirmişdir. Bu səbəbdən Anar onunla mübahisə etmiş, boğazından yapışmış, yerə yıxaraq başına təpiklə vurmuşdur. Daha sonra Anar onu döyməsin deyə əlinə bıçaq götürüb, üstünə gələrsə özünə xəsarət yetirəcəyini bildirmiş, anasına zəng edərək gəlib onu aparmasını bildirmiş, daha sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Onunla 2023-cü ilin iyun ayında evlənmiş, həmin vaxtdan da münasibətləri normal olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində yuxudan durub Aytaca yemək qızdırmasını demiş, Aytac mətbəxə gedib yemək hazırlayan zaman həyətə düşüb balıq tutmaq üçün soxulcan yığmağa başlamışdır. Bu zaman Aytac çölə çıxaraq ona demişdir ki, “gəl cəhənnəm ol çörəyini ye, birdə sənə yemək qızdıran deyiləm” O, Aytaca “yemək hazırlamaq sənin işindir” demiş, Aytac səs-küy salmağa başlamışdır. Aytac onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, gedib yeməyini yemək istəyən zaman Aytac üstünə hücum çəkmiş, onun saçından tutub itələmiş, buna görə Aytac müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra Aytac ayağa qalxıb paltarlarını cırmış, daha sonra zəng edib atasına məlumat vermişdir. Aytac əsəbləşib fanarı yerə atıb sındırmış, o da əlindəki stəkanı yerə atıb sındırmışdır. Aytac qaçıb yataq otağına girmiş, bir qədər sonra ona paltar verməsini istəmiş, lakin Aytac ona paltar verməmişdir. O, həyətə düşmüş, bir qədər gözləyəndən sonra Aytac qapının arasından ona paltar vermişdir. Təkrar atasına mesaj yazmış, Aytac təkrar onun üstünə hücum çəkmiş, o stəkanda olan suyu Aytacın üstünə tökmüşdür. Aytac otağa getmiş, o, Aytacın arxasıyca otağa gedən zaman Aytacın paltarlarını yığdığını görmüş, onu telefonla videoya çəkmiş, bu zaman Aytac əlində olan asılqanla onu vurmaq istəmiş, telefonunu götürüb yerə atmışdır. Sonra atası evə gəlmiş, atası onu həyətə çağırmış, Aytac bıçağı çıxarıb onu hədələməyə başlamışdır. Bir qədər sonra anası gəlib onu evlərinə aparmışdır. Bu səbədən, onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evdə həyat yoldaşı X2 döyərək xəsarət yetirmişdir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 209 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsində ətrafında yumuşaq toxumanın bir qədər şişkinliyi fonunda qançır, burun tağının sağ yarısında və hər iki ayaqüstü nahiyədə sıyrıqlar küt – bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin olunmur. İş materialına əlavə edilən Ağsu rayon X6 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, X5, Şəxs və X4 barələrində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmiş, həmin şəxslər arasındakı profilaktiki söhbətlərin artırılması və nəzarətin gücləndirilməsi məqsədilə “münaqişəli ailələr” kimi qeydiyyata götürülməsi üçün Ağsu RPŞ-nin İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon X6 Qrupunun qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-427/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-427/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver