Məhkəmə qərarları › İş №3(016)-428/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-428/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-428/2023 07.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1964-cü ildə Ağsu rayonu, Qaravəlli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə gəlini X2 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X4 gəlinidir. Oğlu Anarla 2023-cü ilin iyun ayında evlənmişdir, həmin vaxtdan da münasibətləri normal olmamışdır. Aytacın dedikləri hamısı yalandır. Qızılları gəlindən istəmiş, lakin onu döyməmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evə gələndə gəlini ilə oğlunun dalaşdığını görmüş, onları sakitləşdirməyə çalışmış, gəlin onları söyüb təhqir etmişdir. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Anar Səlimzadə əridir, onunla 2023-cü ilin iyun ayında evlənmiş, həmin vaxtdan da münasibətləri normal olmamışdır. Təxminən bir həftə bundan əvvəl qayınatası Məzahir ondan qızılları istəmiş, qızılları verməkdən imtina etdiyi üçün qayınatası onun sağ qolundan tutub itələmiş, həmin vaxtı xəsarət alsa da bu barədə şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olduqları vaxtı əri Anar qızılları atasına verməsini demiş, o da Anara qızılları atasına verməyəcəyini bildirmişdir. Bu səbəbdən Anar onunla mübahisə etmiş, boğazından yapışmış, yerə yıxaraq başına təpiklə vurmuşdur. Daha sonra Anar onu döyməsin deyə əlinə bıçaq götürüb, üstünə gələrsə özünə xəsarət yetirəcəyini bildirmiş, anasına zəng edərək gəlib onu aparmasını bildirmiş, daha sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 07 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə gəlini X2 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 212 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsində yumuşaq toxumanın bir qədər şişkinliyi, boyunun sağ yan orta hissəsində burun tağı nahiyəsində və sağ baldırın yuxarı 1/3 -in ön hissəsində sıyrqlar küt – bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixinə, sağ bazunun yuxarı 1/3-in iç səthində və sol bazunun yuxarı 1/3-in yan səthində dərialtı qansızmalar və sol budun aşağı 1/3-in bayır səthində qançır küt - bərk əşyanın təsirindən törənmişlər. Müddətləri müayinədən 3-5 gün əvvələ uyğun gəlirlər, həm ayrı-ayrılıqda həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilən Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 03 noyabr 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs, X4 və X5 barələrində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmiş, həmin şəxslər arasındakı profilaktiki söhbətlərin artırılması və nəzarətin gücləndirilməsi məqsədilə “münaqişəli ailələr” kimi qeydiyyata götürülməsi üçün Ağsu RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan zərərçəkmiş şəxsin sağlamlığına Şəxs tərəfindən yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərərin vurulması müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar