Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-432/2023 15.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan “marixuana” əldə etməklə istehlak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, əvvəllər narkotik vasitədən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Ağsu rayonu, Qaraqaşlı kəndində müştərini düşürdərkən yerdə iki ədəd kağız büküm görmüş, bükümləri açıb içərisinə baxarkən bükümlərdə narkotik vasitə olan marixuana olmasını aşkar etmişdir. Bundan sonra həmin narkotik vasitəni istifadə etməsi üçün pencəyinin iç cibinə qoymuşdur. Saat 21:30 radələrində idarə etdiyi **-XJ-*** dövlət qeydiyyat nişanlı Vaz 21074 markalı avtomobili ilə Ağsu-Gəgəli yolunda “Oba” marketin qarşısında olarkən, polis əməkdaşları onu saxlatdıraraq birlikdə Ağsu rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O, razılaşıb polis əməkdaşları ilə birlikdə Ağsu rayon Polis Şöbəsinə gəlmişdir. Daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunaraq əynində olan boz rəngli pencəyinin sağ iç cibindən, iki bükümdə olan marixuananı çıxararaq təhvil vermişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə olunan “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs narkotik vasitə olan “marixuana”-dan istifadə etmişdir. İş materiallarına əlavə edilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətaya dair iş üzrə icraat başlanması üçün Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. Göründüyü kimi, Şəxs narkotik vasitə olan marixuana istehlak etməsi, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 206-cı maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin səmimi peşmanlığı inzibati məsluliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 49-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən, saat 21:45-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-432/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-432/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver