Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-44/2024 13.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs üzərindən qanunsuz olaraq qurudulmuş narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 1 ya 2 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır, lakin marixuanadan mütəmadi olaraq deyil, hərdənbir istifadə etmişdir. Ağsu şəhər sakini X2 tanıyır, həmin şəxs onunla qonşuluqda yaşayır, əvvələr aralarında yaxşı münasibətlər olmuşdur, heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 22 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evə gedərkən yolda tanışı Davud Nuriyevlə evinin qarşısında olarkən təsadüfən rastlaşmışlar. Davud Nuriyevlə rastlaşdıqdan sonra bir qədər söhbət edib, Davuddan əvvələr də bir və ya iki dəfə narkotik vasitə olan marixuana aldığından görüş zamanı ona öz şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana təşkil etməsini xahiş etmişdir. Davud Nuriyev isə əvvəlcə ona narkotik vasitə olan marixuana tapa bilməyəcəyini desə də, o, narkotik vasitənin qarşılığında pul verəcəyini dedikdən sonra Davud ona narkotik vasitə olan marixuana tapacağını bildirmişdir. Bundan sonra o, Davud Nuriyevə öz şəxsi istifadəsi üçün iki büküm narkotik vasitə olan marixuana istədiyini, bunun qarşılığında 20 manat pul verəcəyini bildirmişdir. Davud Nuriyev də onunla razılaşmış və orada ondan narkotik vasitə olan marixuana təşkil etməsi üçün 20 manat pul almış və narkotik vasitə olan marixuananı əldə etdiyi zaman ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra sağollaşaraq ayrılmışlar. 24 yanvar 2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı evə gedərkən yolda Davud Nuriyevə ona narkotik vasitə təşkil etməsi üçün pul verdiyini xatırlayaraq narkotik vasitəni əldə edib-etməməsini öyrənmək üçün Davud Nuriyevin yaşadığı evin qarşısından keçən zaman qapıdan Davudu çölə çağırmış, Davud onun səsinə çölə çıxsa da, sonradan onu evin həyətinə aparmışdır. Evin həyətinə girdikdən sonra o, Davud Nuriyevdən narkotik vasitə olan marixuana əldə edib-etməməsini soruşmuş, cavabında isə Davud onu həyətdə olan yaşadıqları evin zirzəmisinə apararaq narkotik vasitə olan marixuananı zirzəmidə saxladığını bildirmiş, sonra birlikdə evin zirzəmisinə daxil olaraq Davud Nuriyev zirzəmidə sağ tərəfdə olan qapını açmış, sonra həmin otağa daxil olmuşlar. Həmin otağa daxil olduqda o, yerdə bir ədəd çətənə bitkisinin kolu və həmin kolun yanında iki ədəd gümüşü büküm olmasını görmüş, həmin vaxt Davud çətənə bitkisinin yanında olan iki ədəd gümüşü bükümü yerdən götürərək ona vermişdir. Sonra o, həmin iki ədəd bükümü Davuddan götürüb əynində olan gödəkcəsinin sağ yan cibinə qoyaraq oradan çıxıb, yaşadığı evə getmişdir. Həmin gün narkotik vasitədən istifadə etməmişdir. Sabahısı gün, yəni 25 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin zirzəmisində saxladığı və təxminən 4-5 ay bundan əvvəl yoldan tapdığı qara dəstəkli bıçağı və Davud Nuriyevdən aldığı iki büküm narkotik vasitə olan marixuananı özü ilə götürərək yaşadığı evdən çıxmış və piyada Ağsu şəhəri, Nizami küçəsinə gəlmişdir. Həmin vaxt o, narkotik vasitə olan iki büküm marixuananı əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibində, bıçağı isə şalvarının arxa cibinə saxlamış, Ağsu şəhəri Nizami küçəsində bir qədər gəzdikdən sonra çay içmək üçün həmin küçədə yerləşən “Ümid” kafesinə daxil olmuş, kafedə olarkən saat təxminən 21 radələrində polis əməkdaşları ona yaxınlaşaraq birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda, o, üzərində narkotik vasitə olan marixuana və bıçaq olmasını etiraf etmiş, sonra ondan həmin əşyaları təqdim etməsi bildirildikdə o, əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan marixuananı, həmçinin şalvarının arxa cibində saxladığı bir ədəd bıçağı çıxardaraq təhvil vermişdir. Sonra üzərindən aşkar olunmuş iki büküm marixuana və bıçaq qablaşdırılaraq ekspertiza tədqiqatı üçün götürülmüş və protokol tərtib olunmuşdur. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə olunan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs üzərindən qanunsuz olaraq qurudulmuş narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Blməsinin 17/96 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Şəxs üzərindən aşkar olunmuş kütlələr.” yazısı adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda hər birinin təmiz çəkisi – 0,13 qram və 0,13 qram, ümumi çəkiləri 0,26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Göründüyü kimi, Şəxs narkotik vasitə olan marixuana istehlak etməsi, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. Buna görə də, məhkəmə hesab edir ki, bununla da onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin səmimi peşmanlığı inzibati məsluliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 49-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-44/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-44/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver