Məhkəmə qərarları › İş №3(016)-441/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-441/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-441/2024 02.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 44B ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Ağsu RQİ və TBŞ-nin inzibati binasının qarşısında səs-küy salaraq ünvanlı və ünvansız küçə söyüşləri söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuş bununla da İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus avtomobilini Ağsu Rayon Qeydiyyat Şöbəsinə aparmış, avtomobili texniki baxışdan keçirmiş və daha sonra orada imtahan verən tanışı Şamo adlı şəxsi inzibati binanın həyətində yerləşən sanitar qovşağın qarşısında kölgədə gözləmişdir. Bu zaman orda xidmət aparan polis əməkdaşı ona yaxınlaşıb orada dayanmamasını demiş, o həmin yerin kölgə olduğunu və orda dayanacağını bildirmişdir. Sonradan adı ona məlum olan polis əməkdaşı Seymur Nağıyev onun yaxasından yapışaraq zorakılıq tətbiq etmiş, onu yaxınlıqdakı sanitar qovşağın divarına sıxmış, ona yumruq və təpiklə təyziq göstərmişdir. O aralanıb getmək istəyərkən onu təhqir etmiş, polis əməkdaşı onun qolundan tutaraq texniki baxış məntəqəsində yerləşən otağa zorla aparmış, otaqda olan 4 nəfər polis tərəfindən döyülmüşdür. Daha sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 12:30 radələrində sonradan adı və soyadı ona məlum olan Şəxs tanışı ilə avtomaşınını texniki baxışdan keçirdikdən sonra işlədiyi idarənin daxili qaydalarına uyğun olmayan yerdə dayandığını görmüş və ona yaxınlaşaraq qeyd olunan yerdən kənarlaşmasını xahiş etmişdir. Şəxs ona “sən kimsən ki məni burdan kənarlaşdırasan” deyə cavab vermiş, o polis olduğunu bildirmiş və özünü təqdim etmişdir. Vətəndaş ona bildirmişdir ki, “sən böyük bir vəzifəli polis deyilsən, adi bir serjantsan, nə də ki mən sənin dədənin xarabasına gəlməmişəm”. Vətəndaş onu bu kimi sözlərlə təhqir edərək onun qanuni tələblərinə tabe olmamışdır. Şəxs ilə onun mübahisəsini görən polis əməkdaşları Röyal Rəsulov və Elxan Babazadə onlara yaxınlaşmış, onunla birlikdə vətəndaşı sakitləşdirməyə çalışmışlar. Lakin vətəndaş öz hərəkətlərinə davam etmişdir. Bundan sonra vətəndaşı PPX-a təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 12:30 radələrində onunla birlikdə xidmət aparan X8 Osmanlı arasında inzibati binanın həyətində sözlə mübahisə olduğunu görmüş, onlara yaxınlaşmışdır. Məsələyə aydınlıq gətirərkən məlum olmuşdur ki, polis əməkdaşı Seymur Nağıyev vətəndaşdan bir qədər kənarda dayanmasını xahiş etmiş, bu səbəbdən Şəxs onun ünvanına nalaiq ifadələr işlətmişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etsələr də vətəndaş onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 12:30 radələrində onunla birlikdə xidmət aparan X8 Osmanlı arasında inzibati binanın həyətində sözlə mübahisə olduğunu görmüş, onlara yaxınlaşmışdır. Məsələyə aydınlıq gətirərkən məlum olmuşdur ki, polis əməkdaşı Seymur Nağıyev vətəndaşdan bir qədər kənarda dayanmasını xahiş etmiş, bu səbəbdən Şəxs onun ünvanına nalaiq ifadələr işlətmişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etsələr də vətəndaş onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 02 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, nalayiq ünvansız ifadələr işlətmiş, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 02 avqust 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar