Məhkəmə qərarları › İş №3(016)-456/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-456/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-456/2023 04.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ağsu rayonu, Nəmirli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Nəmirli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 14:00 radələrində Ağsu şəhər Şəhidlər Xiyabanına gedən yolda azyaşlı övladı Hacıəmir Əmirli dostu Paşa Kərimova məxsus “Vaz 2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşını onlardan xəbərsiz götürərək yüksək sürətlə idarə edərək onların dayandıqları yerə geri dönmüşdür. Bu zaman polis əməkdaşı Ziya Hüseynov həmin ərazidə olan övladının bu cür hərəkətini görərək onlara və YPX əməkdaşlarına zəng edərək məlumat vermişdir. O, ona yaxınlaşmış Ziya Hüseynov övladının bu cür hərəkət etdiyinə görə üzrxahlıq edib bildirmişdir ki, yüksək sürətlə idarə edibsə qələt edib. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 14:00 radələrində Ağsu şəhəri Şəhidlər Xiyabanına gedən yolda dayandığı halda bir nəfər azyaşlı uşağın “vaz 2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə etdiyini görüb bu barədə avtomaşının sahibi Paşa Kərimova və YPX əməkdaşlarına zəng edərək həmin əraziyə yaxınlaşmalarını bildirmişdir. Bu zaman həmin qeyd olunan azyaşlı uşağın atası Kürdəmir rayonlararası mühafizə polisində işləyən Şəxs ona yaxınlaşaraq onun ünvanına nalayiq ifadələr işlədərək ona “sən kimsən mənim oğlumun idarə etdiyi avtomaşını saxlatdırırsan” deyə bildirmişdir. Nəticədə həmin şəxsi Ağsu RPŞ-yə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə təxminən saat 14:00 radələrində Şəxs övladını Şamaxı şəhərinə aparmaq məqsədilə özünə məxsus olan “vaz 2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhər Şəhidlər Xiyabanına gedən yolda yerləşən avtoyuma məntəqəsinin yanına gələrək orada yerləşən VİP marketə girmiş, bu zaman Şəxs azyaşlı övladı Hacıəmir Əmirli ondan xəbərsiz avtomaşını götürərək sürüb gedib, təkrar həmin əraziyə gəlmişdir. Bu zaman polis əməkdaşı Ziya Hüseynov zəng edərək ona məxsus olan avtomaşının az yaşlı uşaq tərəfindən yüksək sürətlə idarə olunmasını bildirmişdir. O da Şəxsla birlikdə Z.Hüseynovun yanına gəlmiş, Z.Hüseynov Ş.Əmirliyə az yaşlı övladının yüksək sürətlə avtomaşın idarə etməsi barədə öz iradlarını bildirmişdir. Sonra onlar arasında söz mübahisəsi baş vermiş, Ş.Əmirli Z.Hüseynovdan üzrxahlıq edərək bağışlamasını bildirmişdir. Bundan sonra Z.Hüseynov bu barədə YPX əməkdaşlarına məlumat verərək həmin əraziyə yaxınlaşmalarını bildirmişdir. YPX əməkdaşları ona zəng edərək RPŞ-yə gəlməyini bildirmiş, o da RPŞ-nə gəlmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 03 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, küçədə nalayiq ünvansız ifadələr işlətmiş, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 03 dekabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar