Məhkəmə qərarları › İş №3(016)-469/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-469/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-469/2024 26.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 9.210 manat və 112,10 manat məbləğində pul vəsaitinin alınaraq X2 xeyrinə ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyətı təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, lakin gəlməkdən boyun qaçırmışdır. Göründüyü kimi, borclu qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyi və bununla bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbədən, barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 9.210 manat və 112,10 manat məbləğində pul vəsaitini X2 xeyrinə ödəməlidir. Ofisiant işləyir və ordan aldığı gəlirlə ödənişi ödəyə bilmir. Sosial təminatı yeni almağa başlamış, borcunu hissə-hissə ödəyə bilər. Hazırda borcundan 200 manat ödəmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatları, 26 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə borcundan 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, borclunun onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilən gün borc üzrə ümumi məbləğdən 200 manat ödəniş etməsi məhkəmə tərəfindən təyin ediləcək inzibati tənbeh tədbirindən yayınmağa yönəlmiş hərəktlər kimi qiymətləndirilməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 26 avqust 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar