Məhkəmə qərarları › İş №3(016)-474/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-474/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-474/2023 22.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağsu rayon PŞ-nin sahə müvəkkili, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu şəhəri, M.A.Əliyev küçəsi ev 6-da və qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə üzərində qanunsuz olaraq 0,28 qram narkotik maddə olan qurudulmuş marixuana gəzdirmişdir. Bu barədə Ağsu PŞ-nin sahə müvəkkili, polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon PŞ-nin sahə müvəkkili, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində ilk dəfə inzibati xəta törətməsinin, əməlindən peşman olmasının nəzərə alınmasını maddənin sanskiyasında nəzərdə tutulan yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, Ağsu rayon, Ağsu şəhəri M.A.Əliyev küçəsi ev 6-da yaşayır. Əvvəllər narkotik vasitənin istifadəçisi olmamış, ilk dəfədir ki marixuannadan istifadə etmişdir. O, 07 iyul 2023-cü il tarixdə gecə 11-12 radələrində Eldar Kərimliyə zəng vuraraq “nəşə” istəmiş, Eldar Kərimli isə tapa biləcəyini bildirmişdir. Rayon prokurorluğunun inzibati binasının yanında Eldarla görüşlər, o Eldara ona 12 manat vermiş, Eldar isə gedib bilmədiyi mənbədən narkotik vasitəni alıb gətirmiş və həmin ərazidə ona vermişdir. 08 iyul 2023-cü il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra Ağsu Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə üzərinə baxış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş, bir bükümdə çəkisi 0,28 qram olan narkotik vasitə olan qurudulmuş marixuana götürülmüşdür. Hal-hazırda narkotik vasitədən istifadə etmir. Əməlindən peşmandır, bir daha narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməyəcəkdir. Ailəlidir, himayəsində üç azyaşlı uşağı var. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tətbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana istifadə etmiş və İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 234.1, 234.4.1 və 234.2-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, İXM-nin 206-cı maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. - Elektron məhkəmə informasiya sistemində Şəxs qohumluq məlumatları bölməsi üzrə edilmiş sorğuya cavabdan görünür ki, Şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2012-cü il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və törətdiyi əməl düzgün olaraq İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində üç yetkinlik yaşına çatmayan şəxslərin olmasını, ailəsininyeganə qazanc gətirəni olmasını İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal üəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şərh olunanlara əsaslanaraq və İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar