Məhkəmə qərarları › İş №3(016)-48/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-48/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-48/2024 01.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Prokurorunun köməkçisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də sahə rəisi işləyən, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 220-də qeydiyyatda olan və yaşayan, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 198.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, X3 barəsində İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Ağsu Rayon Prokurorunun köməkçisi X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində sahə rəisi vəzifəsində işləyərkən 18 yanvar 2024-cü il tarixdə saat 09 radələrində Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində 1 lot üzrə tikintisi həyata keçirilən tunelin qazılmış hissəsində dəmir və armaturların montaj işlərinin icrası zamanı, texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla “Manitu” adlı texnikanın səbətini düzgün yerləşdirməməsi nəticəsində ehtiyatsızlıqdan quraşdırıcı Zərərçəkmiş şəxs üzərinə torpağın tökülməsi ilə sonuncunun sağlamlığına yüngül zərər vurmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, 2009-cu ildən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləyib, hazırda sahə rəisi işləyir. Yol tikintisinin tunel hissəsinin sahə rəisi Cahid Rəfiyevdir. O, layihə rəhbərinə tabedir və konkret vəzifəsi, layihəni idarə etmək, layihənin maddi-texniki təminat məsələlərini həll etməkdən ibarətdir. Hal-hazırda "xxxx" ASC-də Şamaxı-İsmayıllı yolunun 1 lot üzrə tikintisi həyata keçirilir. 18 yanvar 2024-cü il tarixdə saat 10 radələrində "xxxx" ASC-ə məxsus düşərgədə olan vaxt tikintisi aparılan avtomobil yolunun tunel hissəsində işləyən əməkdaşlardan biri ona Zərərçəkmiş şəxs torpaq sürüşməsi nəticəsində xəsarət almasını bildirmişdir. İşçilər tərəfindən dərhal Zərərçəkmiş şəxs köməklik göstərilərək, Ağsu RMX-yə aparılmışdır. Bundan başqa, Şəxs qeyd etmişdir ki, işçilər hər gün işə başlamazdan əvvəl texniki təhlükəsizlik qaydaları ilə tanış edilir və kaska, fərdi geyim paltarı, tikintidə istifadə olunan əlcəklə təmin edilirlər. Zərərçəkmiş şəxs hər gün işə başlamamışdan qabaq texniki təhlükəsizlik qaydaları ilə tanış edilmiş, kaska, əlcək, fərdi geyim paltarı və tikintidə istifadə olunan ayaqqabılar kimi əməyin mühafizəsi vasitələri ilə təmin edilmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2023-cü ilin iyul ayından "xxxx" ASC-də əvvəl dəmirçi, hal-hazırda quraşdırıcı vəzifəsində işləyir. Quraşdırıcı kimi onun konkret vəzifəsi tunelin içərisindəki torpaq qazılıb qurtardıqdan sonra “Manitu” texnikasının səbətinə daxil olaraq tunelin qazılmış hissəsinə dəmir və armaturlarla montaj etməkdir. O, bu prosesi həyata keçirdikdən sonra qaynaqçı həmin dəmir və armaturları qaynaq edir, daha sonra həmin hissəyə setka yerləşdirilərək beton püskürdülür. 18 yanvar 2024-cü il tarixdə saat 09 radələrində tunelin qazılmış hissəsinə dəmir və armaturları montaj edən zaman qazılmamış hissədəki torpağın sürüşüb tökülmək istədiyini görmüş, dərhal oradan qaçmaq istəyəndə torpaq belinin sağ nahiyəsinə tökülərək onu yerə yıxaraq üzərinə tökülmüşdür. Hadisə baş verdikdən dərhal sonra ona köməklik edərək, Ağsu RMX-yə aparmışdırlar. Bundan əlavə bütün işçilər hər gün işə başlamazdan əvvəl texniki təhlükəsizlik qaydaları ilə tanış olurlar. Həmçinin, iş prosesində əsasən “Manitu” texnikasından istifadə olunur. Həmin texnikanın səbətinə daxil olur, montaj işini və digər işləri həyata keçirirlər. Lakin həmin texnikanın səbətindən istifadə olunsa belə, istər-istəməz torpağın sürüşərək tökülməsi baş verir. 18 yanvar 2024-cü il tarixdə saat 09 radələrində tuneldə xəsarət alması ilə bağlı heç kəsdən şikayət və tələbi yoxdur. Ağsu Rayon Prokurorluğunda izahatı alınmış X4 izahatında bildirmişdir ki, 2023-cü ilin aprel ayından "xxxx" ASC-də dəmirçi vəzifəsində işləyir. Dəmirçi kimi tuneldə armaturların düzgün quraşdırılaraq qaynaq işinə hazırlıqları görür. Hal-hazırda "xxxx" ASC-də Şamaxı-İsmayıllı yolunun 1 lot üzrə tikintisi həyata keçirilir. 18 yanvar 2024-cü il tarixdə saat 09 radələrində tikintisi aparılan avtomobil yolunun tunel hissəsində o, dəmirçi işi ilə məşğul olarkən qəflətən “qaçın torpaq gəlir” dediklərini eşitmişdir. Qaçdığı zaman quraşdırıcı Zərərçəkmiş şəxs yıxılmağını və üzərinə torpaq tökülməsini görmüşdür. Dərhal Zərərçəkmiş şəxs köməklik edərək, Ağsu RMX-yə aparmışdırlar. Həmçinin, Nazim Xanbabayev bildirmişdir ki, bütün işçilər hər gün işə başlamazdan əvvəl texniki təhlükəsizlik qaydaları ilə tanış olurlar. Tuneldə iş prosesində işçilərin üzərinə torpaq tökülməsi və digər xəsarətlərin qarşısını almaq üçün “Manitu” texnikasından istifadə olunur, lakin onun səbətindən istifadə olunsa belə, istər-istəməz torpağın sürüşərək tökülməsi baş verir. Ağsu Rayon Prokurorluğunda izahatı alınmış X7 izahatında bildirmişdir ki, 2023-cü ilin noyabr ayından "xxxx" ASC-də qaynaqçı vəzifəsində işləyir. Qaynaqçı kimi tuneldə armaturların qaynaq edilməsi işi ilə məşğul olur. Hal-hazırda "xxxx" ASC-də Şamaxı- İsmayıllı yolunun 1 lot üzrə tikintisi həyata keçirilir. 18 yanvar 2024-cü il tarixdə saat 09 radələrində tikintisi aparılan avtomobil yolunun tunel hissəsində qaynaq işi ilə məşğul olarkən quraşdırıcı Zərərçəkmiş şəxs armaturların quraşdırmasını həyata keçirərkən üzərinə torpaq tökülməsini görmüşdür. Dərhal Zərərçəkmiş şəxs Ağsu RMX-yə aparmışdırlar. Bundan başqa, Məqsəd Nağıyev bildirmişdir ki, işçilər kaska, fərdi geyim paltarı və tikintidə istifadə olunan əlcəklə təmin edilirlər. Torpaq qazmaq üçün istifadə olunan traktor müəyyən qazma işlərini həyata keçirdikdən sonra onlar həmin ərazidə qaynaq və betonlama işlərini həyata keçirir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X3 barəsində İXM-in 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından olan xx.xx.2019-cu il tarixli, 16544/1 saylı Əmək müqaviləsindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-də 1 ay sınaq müddəti ilə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur. İş materiallarından olan xx.xx.2023-cü il tarixli, 16544/1 saylı Əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" ASC-də 1 ay sınaq müddəti ilə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə qəbul olunmuşdur. İş materialına əlavə edilən MTE və PA Birliyi Publik hüquqi şəxsinin 03 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində eləcə də bel nahiyəsində xx.xx.2024-cü il tarixinə uyğun xəsarətinin hər hansı bir obyektiv izləri aşkar edilmədi. Ağsu RMX-nın PHŞnin Zərərçəkmiş şəxs adına açılmış 258 saylı ambulator tibbi kitabçanın kserosürətində qeyd edilən “Gövdənin arxa bel nahiyəsinin küt travması” diaqnozu küt bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə yəni, xx.xx.2024-cü il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialına əlavə edilən Ağsu Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplamış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X1 əməlində İXM-in 198.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılmasından ötrü Ağsu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 18 yanvar 2024-cü il tarixdə saat 06 radələrində Şamaxı-İsmayıllı avtomobil yolunun Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində 1 lot üzrə tikintisi həyata keçirilən tunel sahəsində tunelin qazılmış hissəsində dəmir və armaturların montaj işlərinin icrası zamanı Zərərçəkmiş şəxs üzərinə torpaq tökülmüş, nəticədə onun gövdənin arxa bel nahiyəsinin küt travmasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs, X4 və X6 izahatlarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 tərəfindən Zərərçəkmiş şəxs və digər işçilər təhlükəsizlik qaydaları ilə tanış edilmiş, onlar kaska, fərdi geyim paltarı və tikintidə istifadə olunan ayaqqabılar, eləcə də əlcək kimi əməyin mühafizəsi vasitələri ilə təmin edilmişlər. Göründüyü kimi, X3 tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət olunmuş, lakin bununla belə məlum hadisə baş vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 barəsində İXM-in 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar