Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-483/2024 04.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Faiq oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqan Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsi X6 oğlunun iştirakları ilə, X7 tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Ağsu Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona inzibati tənbeh vermə haqqında qərar təqdim edilmiş, güya onun Şamaxı rayonu ərazisində torpaq sahəsi var və həmin torpaqdan təyinatı üzrə istifadə etmir. Bu səbəbdən də, barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. O, torpaq sahəsinin ona aid olmadığından, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətin əsassız və qanunsuz olduğundan təmin olunmamasını, həmin inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. - JN-0425, Kod: 41015005 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X4 mülkiyyətinə Şamaxı rayon Saqyan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 07 saylı qərarı ilə 8 ha torpaq sahəsi verilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İXM-in 247.1-ci maddəsinə əsasən, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. İXM-in 247.2-ci maddəsinə əsasən, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İş üzrə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Şamaxı rayon Saqyan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 07 saylı qərarı ilə X3 deyil, X4 mülkiyyətinə verilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən işin faktiki halları araşdırılmadan, yəni torpaq sahəsinin X5 aidiyyəti müəyyən olunmadan, barəsində əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə, yanlış nəticəyə gəlinmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.6-cı maddəsinə əsasən, isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş əlavə araşdırılması yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-483/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-483/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver