Məhkəmə qərarları › İş №3(016)-49/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-49/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-49/2024 01.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Ağsu rayonu, Nüydi kəndində qeydiyyatda olan Şəxs MMC-nin İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC 27.274,25 ABŞ dolları məbləğində vəsaiti 17 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 27.274,25 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. - "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, MMC-nin xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasından kənara köçürdüyü 27.274,25 USD avans ödənişi **********2102 saylı YGB ilə bağlanmışdır. YGB üzrə qalıq 0-dır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 yanvar 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokolda Şəxs MMC-nin 27.274,25 ABŞ dolları məbləğində olan vəsaitin Bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülməsi, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət ötsə də 27.274,25 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etmədiyi, qabaqcadan ödənilmiş valyutanın xaricdən geri qaytarılmadığı qeyd edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin xx.xx.2022-ci ildə Azərbaycan Respublikasından kənara köçürdüyü 27.274,25 USD avans ödənişi **********2102 saylı YGB ilə bağlanmışdır. YGB üzrə qalıq 0-dır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi məilə barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” protokolun əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. İXM-in: 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar