Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-519/2024 04.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 510 və 535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində ucadan səs-küy salaraq ünvansız nalayiq küçə söyüşləri söyməklə polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun nə üçün izahat verdiyi ona aydındır, xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində, evinin qarşısında olan uşaqlar bir-biriləri ilə sözlü mübahisə etdikləri üçün onları başa salan zaman ərazidə xidmətdə olan polis əməkdaşları onları görüb yanlarına yaxınlaşmışdılar. Polis əməkdaşları onlara nə üçün mübahisə etdiklərini soruşanda, o, bildirmişdir ki, mübahisə yoxdur, sadəcə söhbət edirlər. O, həmin vaxtı uşaqlara əsəbləşdiyi üçün əlindəki siqaret kötüyünü polis əməkdaşlarının yanında yolun asfalt örtüyünə atmışdır. Polis əməkdaşları ona nə üçün siqaret kötüyünü yerə atdığını soruşduqda, o, əsəbi olduğu üçün onlara “yaxşı edib atıram” demişdir. Daha sonra polis əməkdaşı onun barəsində protokol tərtib olunacağını bildirdikdə, o, əsəbi halda uca səslə bildirmişdir ki, “cəriməm nədir yazın ödəyim”. Daha sonra polis əməkdaşları onu şöbəyə getməyə dəvət etsə də, o polislərin qanuni tələblərinə məhəl qoymayaraq şöbəyə getməyə etiraz etmişdir. Lakin polislər onu RPŞ-yə aparmışlar. Əməlindən peşmandır, polis əməkdaşlarında etdiyi hərəklərə görə üzr istəyir, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs vəkili X9 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməli qəsdən etmədiyini, səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixində o, Ağsu RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X17 şəhəri, Vidadi küçəsində xidmətdə olan zaman bir neçə şəxsin mübahisə etdiyini görərək onlara yaxınlaşıb nə üçün mübahisə etdiklərini soruşmuşdurlar. Onlar isə mübahisə etmədiklərini, sadəcə söhbət etdiklərini bildirmişdirlər. Həmin şəxslərin içərisindən bir nəfər şəxs “sizə nə?” deyərək onlarla mübahisə etməyə başlamış, daha sonra əlində olan siqaret kötüyünü onların yanında yerə atmışdır. Onlar ona bu hərəkətin inzibati xəta olduğunu bildirmişdirlər. Həmin şəxs onlara bildirmişdir ki, “yaxşı etmişəm, cəriməm nədir yazın ödəyim”. Daha sonra onlar həmin şəxs barəsində protokol tətbiq edəcəyini bildirdikdə o, uca səslə danışmağa nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu sakitləşdirə bilməmişdirlər və Ağsu RPŞ-nə gətirmişlər. Ağsu RPŞ-də də eyni hərəkətləri davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixində o, Ağsu RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X20 şəhəri, Vidadi küçəsində xidmətdə olan zaman bir neçə şəxsin mübahisə etdiyini görərək onlara yaxınlaşıb nə üçün mübahisə etdiklərini soruşmuşdurlar. Onlar isə mübahisə etmədiklərini, sadəcə söhbət etdiklərini bildirmişdirlər. Həmin şəxslərin içərisindən bir nəfər şəxs “sizə nə?” deyərək onlarla mübahisə etməyə başlamış, daha sonra əlində olan siqaret kötüyünü onların yanında yerə atmışdır. Onlar ona bu hərəkətin inzibati xəta olduğunu bildirmişdirlər. Həmin şəxs onlara bildirmişdir ki, “ yaxşı etmişəm, cəriməm nədir yazın ödəyim”. Daha sonra onlar həmin şəxs barəsində protokol tətbiq edəcəyini bildirdikdə o uca səslə danışmağa nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu sakitləşdirə bilməmişdirlər və Ağsu RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixində o, Ağsu RPŞ-nin PPXB-nin polis serjantı Fərid Qurbanovla birlikdə Ağsu şəhərində xidmətdə olarkən, Ağsu RPŞ-nin sahə rəisi polis letenantı Azad Şirinov ona zəng edərək Ağsu şəhəri, Vidadi küçəsində bir nəfər şəxsin onların, yəni polis leytenantı Azad Şirinov və polis letenantı Rəcəb Əhmədlinin qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə ucadan səs küy salaraq ictimai qaydanı pozduğu üçün onların həmin küçəyə yaxınlaşaraq köməklik göstərməklərini bildirmişdir. Onlar həmin küçəyə yaxınlaşdıqda həmin şəxs Ağsu RPŞ-nin əməkdaşları ilə ucadan mübahisə apardığını və onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərirdi. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu qanuni tələblərinə məhəl qoymağa və nizam-intizama dəvət etsələr də, həmin şəxs qərəzli şəkildə öz qanunsuz hərəkətlərinə davam edərək ətrafdakı insanların diqqətini özünə cəlb edirdi. Daha sonra həmin şəxsi Ağsu RPŞ-nə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X11 şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində ictimai yerdə ünvansız nalayiq küçə söyüşləri söyüb təhqir edərək polisin qanuni tələbinə tabe olmamış və İXM-nin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. - X1 telefon vasitəsilə çəkdiyi video görüntüyə baxış keçirilmiş və Şəxs polisin qanuni tələblərinə tabe olmadığı, onların iş qaydasını pozduğu, eyni zamanda ətrafda kənar şəxslərin toplandığı aydın görünmüşdür. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 03 oktyabr 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirini etiraf edib peşman olmasını, üzr istəməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 03 oktyabr 2024-cü il tarixdən, saat 22:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-519/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-519/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver