Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-525/2024 15.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə PPX-nın əməkdaşları xidmətdə olan zaman Ərəbmehdibəy kənd ərazisində Lada Priora markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün saxla əmri vermişlər. Daha sonra müəyyən edilmişdir ki, sürücünün idarə etdiyi avtomobil özünə məxsus deyil. Barəsində inzibati protokolun tərtib edilərkən, avtomobilin sahibi İbrahim gəlmiş və içkili olduğu üçün polis əməkdaşlarını təhqir etmişdir. Vətəndaşı Ağsu RPŞ-nə gətirmişlər. Bu zaman Şəxs qərəzli şəkildə ucadan səs-küy salmış və növbətçi hissənin iş şəraitini pozmuş, nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, 14 oktyabr tarixində içkili olduğu üçün, özünə məsus avtomobili idarə etməmiş və qohumu Ramil Əliyevə avtomobilini vermişdir ki, onu aparıb yaşadığı ünvana Ərəbmehdibəy kəndinə aparsın. Ramil Əliyev onu mənzilinə çatdırdıqdan sonra onun avtomobili ilə Kürdəmirə yola düşmüşdür. Biraz keçdikdən sonra o, Ramilə zəng etmiş və danışıq əsnasında öyrənmişdir ki, Ramili polis əməkdaşları yolda saxlayıblar. İbrahim hadisə yerinə getmiş və Ramil üçün inzibati protokol yazıldığını görmüşdür. Bundan sonra polis əməkdaşlarından bir nəfər ona polisə müqavimət göstərdiyini söyləmiş və barəsində tədbir görüləcəyini söyləmişdir. İbrahim telefonunu çıxarmış və video-görüntü qeyd etməyə başlamışdır ki, onun polis əməkdaşlarına müqavimət göstərmədiyi sübut olunsun. Bu zaman polis əməkdaşı onun əlinə vuraraq telefonu əlindən yerə salmışdır. Daha sonra onu döyərək, ona şiddət göstərmişlər. O sərxoş olduğunu qəbul edir, lakin polis əməkdaşlarının ünvanına nalayiq ifadə və təhqiredici söyüşlər söyməmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixində saat təxminən 23:20 radələrində Ərəbmedibəy ərazisində xidmətdə olarkən şübhəli bir sürücüyə saxla göstərişi vermişlər. Sürücü avtomobilini saxladığı zaman onun idarə etdiyi avtomobilin özünə məxsus olmadığını müəyyən etmişlər və barəsində inzibati tədbir görülməsi üçün həmin ünvana xidmətdə olan Yol-Patrul xidmətinin əməkdaşlarını dəvət etmişlər. Patrul xidmətinin əməkdaşları gəldiyi zaman avtomobilin öz sahibi Şəxs hadisə yerinə gəlmişdir. O, protokol tərtib olunduğunu görmüş və polis əməkdaşlarını təhdid etməyə başlamışdır. Şəxs hadisə yerində səs-küy salmış, polis əməkdaşlarını hədələmiş, və onların ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmişdir. Bu zaman Şəxs əlində olan telefonu yerə çırpmışdır. Daha sonra onu Ağsu RPŞnə apararkən onu vurmuş, əlini dişləmiş polis əməkdaşlarının işlərini icra etmələrinə maneçilik törətmişdir. Polis şöbəsinə gətirildikdən sonra yenə öz hərəkətlərini davam etdirmiş, müqavimət göstərmiş və nalayiq ifadələrlə ucadan səs salmışdır. Polis əməkdaşları ona şiddət göstərməmiş və onu vurmamışlar. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 15 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hal yoxdur. Şəxs sərxoş olması əməlində inzibati məsuliyyəti ağırlaşdıran haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-525/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-525/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver