Məhkəmə qərarları › İş №3(016)-53/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-53/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-53/2023 27.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qulaməli qızının iştirakları ilə, xx.xx.1970-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Qulaməli qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Qulaməli qızı xx.xx.2023-cü il tarixdə vətəndaş X1 nahiyyəsinə əli ilə vuraraq dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qulaməli qızı izahat verərək göstərdi ki, X4 onun qonşusu və uzaq qohumudur. Əflakə Məmmədovanın onun ailə üzvləri barədə mütəmadi olaraq şər və böhtan xarakterli müraciətlər etməsi səbəbindən aralarındakı münasibətləri pisləşmişdir. Ə.Məmmədova hal-hazırda onun həyat yoldaşı Oqtay Məmmədov və qaynı Rasim Məmmədov barəsində həqiqətə uyğun olmayan şikayətlər edir. Ə.Məmmədovanın şikayəti əsasında mütəmadi olaraq müxtəlif dövlət qurumlarından məsul şəxslər gələrək onların evinin yaxınlığında yerləşən torpaq sahələrinə baxış keçirmişdirlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Ağsu RPŞ-dən polis əməkdaşları gələrək Ə.Məmmədova ilə birlikdə evin yaxınlığında olan örüş sahələrinə və onun evinin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar, həmin vaxt polis əməkdaşları əraziyə baxış keçirərkən o, öz həyətindən baxış keçirilən yerləri müşahidə etmişdir. Polis əməkdaşları baxış keçirən zaman Ə.Məmmədova onun ailə üzvləri barəsində nalaiq ifadələr işlətməsi səbəbindən o, oraya yaxınlaşıb Əflakənin cavabını vermiş, həmin vaxt Əflakə üzərinə gələrək onu yenə də təhqir etmiş, bu səbəbdən onlar əlbəyaxa olmuş, həmin zaman əri Oqtay və qaynı Rasim araya girib, onları aralamış, sonra isə daha mübahisə etməyərək əri ilə birlikdə ordan çıxıb getmişdir. Ə.Məmmədova onları şərləmiş, həmin vaxt aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı nə özü nə də qaynı Rasim Məmmədov Ə.Məmmədovanı döyməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəxs Qulaməli qızı onun qonşusu və uzaq qohumudur. O, Rasim və Oqtay qardaşlarının Ağsu Rayon Abasxanlı kənd bələdiyyəsinə məxsus torpaq sahələrini zəbt etmələri ilə bağlı AR.İN yanında ƏMDX-nə etdiyi müraciət etmiş, müraciəti ilə bağlı Ağsu RPŞ-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qeyd olunan əraziyə gələrək baxış keçirmiş, o, polis əməkdaşları ilə birgə ərazilərə baxış keçirərkən qohumları olan Rasim Məmmədov və Şəxs onların yanına gəlmiş, oraya gəldikdən sonra Rasim və İlhamə əvvəlcə onu nalaiq sözlərlə təhqir edərək aralarında mübahisə yaranmasına səbəb olmuş, mübahisənin gedişində Rasim yumruqla onun başına, İlhamə yumruqla qoluna və burnuna vurmuş və üz-gözünə cırmaqlar atmışdır. Həmin vaxt polis əməkdaşları araya girərək onları aralamış, sonra isə o çıxıb öz evinə getmiş, daha sonra DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Bu səbədən, onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Qulaməli qızının qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Qulaməli qızı xx.xx.2023-cü il tarixdə vətəndaş X1 nahiyyəsinə əli ilə vuraraq dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. MTE və PA Birliyinin Göyçay rayon şöbəsinin 01 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X2 bədən səthində aşağıdakı xəsarətlər vardır: burun tağı sol göz yuvası alt nahiyyədə sıyrıqlar və sağ mil bilək oynağının ön hissəsində dərialtı qansızma. Göstərilən xəsarətlər küt-bərk əşya təsirindən əmələ gəlmişdir. Törənmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar olunmur. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. İş materialına əlavə edilən Ağsu rayon X5 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs Qulaməli qızının əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Qulaməli qızı barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs Qulaməli qızının İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxs şəxsin izahatı, Ağsu rayon X5 Qrupunun qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Qulaməli qızının əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Qulaməli qızı barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Qulaməli qızı İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar