Məhkəmə qərarları › İş №3(016)-532/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-532/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-532/2024 21.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X15 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin publik hüquqi şəxsin bölgə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, İş icraçısı X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, R-11 Ağsu-Kürdəmir-Bəhrəmtəpə Respublika əhəmiyyətli avtomobil yolunun 20 km hissəsində (Ağsu rayonu, Qaravəlli kəndi) Şəxs MMC tərəfindən alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yolunun mühafizə zolağında kommunikasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizlik qaydaları pozulmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin publik hüquqi şəxsin bölgə rəisi X9 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 16 oktyabr 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X7 tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, müvafiq olaraq, xidməti əraziyə baxış keçirən zaman R-11 Ağsu-Kürdəmir-Bəhrəmtəpə Respublika əhəmiyyətli avtomobil yolunun 20 km hissəsində (Ağsu rayonu, Qaravəlli kəndi) Azərbaycan Avtomobil Yolları Dövlət agentliyi tərəfindən verilmiş 045 nömrəli, 07 iyun 2024-cü il tarixli texniki şərtin Şəxs MMC tərəfindən aşağıda qeyd edilən tələblərinin pozularaq kommunikasiya (rabitə xətti) çəkilməsi aşkar edilmişdir. Sözü gedən şərtin 1-ci və 2-ci bəndlərinin tələbləri pozularaq Fiber optik kabel xəttinin R-11 Ağsu-Kürdəmir-Bəhrəmtəpə Respublika əhəmiyyətli avtomobil yolu ilə kəsişmələri qapalı (xəndəksiz qazma) üsulu və düz bucaq altında yerinə yetirilməli və fiber optik kabel xətti yol örtüyünün səthindən ən azı 2 metr dərinlikdə qoyulmuş mühafizə borusunun içərisi ilə aparılması nəzərdə tutulmasına baxmayaraq, fiber optik kabel xətti avtomobil yolunun təhkim zolağına yerləşən suötürücü qurğu vasitəsi ilə keçirərək yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Sözü gedən şərtin 3-cü bəndinin tələbinə əsasən, avtomobil yoluna paralel keçrildiyi hissəsində fiber optik kabel xətti yolun hər bir istiqaməti üzrə hərəkət hissəsinin mərkəzi arasında respublika əhəmiyyətli avtomobil yollarında 30 metr, yerli əhəmiyyətli yollarda 12,5 metrdən az olmaması qeyd olunsa da, görülən işlər respublika əhəmiyyətli avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 10-15 metr məsafədə aparılaraq yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Törədilmiş inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən müvafiq akt və 16 oktyabr 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin nümayəndələri tərtib olunmuş protokolu imzalamaqdan və onun surətini almaqdan imtina etdikləri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin əməkdaşlarının iştirakı ilə 16 oktyabr 2024-cü il tarixli akt tərtib edimişdir və inzibati xəta haqqında protokolun surəti poçt vasitəsilə Şəxs MMC-yə göndərilmişdir. Bu müddət ərzində texniki şərtdə dəyişiklik edilməsi ilə bağlı rəsmi müraciət edilməmişdir. Məhkəmədən hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin publik hüquqi şəxsin bölgə rəisi X9 izahat verərək bildirmişdir ki, pozuntu aşkar olunanda dəfələrlə xəbərdarlıq edilmiş, lakin fiber optik kabel xətt çəkilərkən texniki şərtin tələbləri pozulmuş, bu zaman xəbərdarlıq edilməsinə baxmayaraq pozuntu aradan qaldırılmamış, texniki şərtdə dəyişiklik edilməsi ilə bağlı rəsmi müraciət edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, həmin ərazidə su kanalı keçir, ona görə texnikanı ora salıb texniki şərtdə qeyd edildiyi kimi qapalı, yəni xəndəksiz qazma həyata keçirilməsi mümkün olmamış, bu səbəbdən alternativ yoldan istifadə etmişdirlər. Lakin texniki şərtin pozulduğunu bildirdikdən sonra kabel kanaldan çıxarılmış, digər alternativ yoldan istifadə edilmişdir. Bu işlər görülən zaman onların 6 işçisi olmuşdur. Heç bir şeyə ziyan vurulmamışdır. Deyilib işi saxla, onlar da saxlamışdılar. Yol idarəsi onlara irad bildirəndə onlar orda işi dayandırmışdırlar. Kəndin içindən işləməyə başlamışdırlar. Hal-hazırda həmin tikintilərin söküntüsü gedir. Texniki şərtdə qeyd edildiyi kimi 30 metr məsafə həmin ərazidə yoxdur. Bu səbəbdən texniki şərtin tələbləri pozulmuşdur. Onlar məktubla müraciət edərək layihəni göndərmişlər və nümayəndə gəlib texniki şərti gətirmişlər. Lakin həmin ərazidə texniki şərtin tələblərinə riayət edilə bilməməsi, texniki şərtdə dəyişiklik edilməsi ilə bağlı rəsmi müraciət etməmişlər. Hazırda protokolun tərtib edilməsinə səbəb olmuş tikililər söküldüyündən, hüquqi şəxs Şəxs MMC-nin əməlində qeyd olunan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş icraçısı X11 Şəxs MMC-nin nümayəndəsi ilə oxşar məzmunlu izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, həmin ərazidə su kanalı keçir, ona görə texnikanı ora salıb texniki şərtdə qeyd edildiyi kimi qapalı, yəni xəndəksiz qazma həyata keçirilməsi mümkün olmamış, bu səbəbdən alternativ yoldan istifadə etmişdirlər. Lakin texniki şərtin pozulduğunu bildirdikdən sonra kabel kanaldan çıxarılmış, digər alternativ yoldan istifadə edilmişdir. Dirəklərin də çəkilməsi üçün texniki şərtdə qeyd edildiyi kimi 30 metr məsafə həmin ərazidə yoxdur. Həmin ərazidə texniki şərtin tələblərinə riayət edilə bilməməsi, texniki şərtdə dəyişiklik edilməsi ilə bağlı rəsmi müraciət etməmişlər. Yol idarəsi onlara irad bildirəndə onlar orda işi dayandırmışlar, kəndin içindən işləməyə başlamışdırlar. Hal-hazırda həmin tikintilərin söküntüsü gedir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin İXM-in 354.0.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin baş mütəxəssisi X12 tərəfindən tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, R-11 Ağsu-Kürdəmir-Bəhrəmtəpə Respublika əhəmiyyətli avtomobil yolunun 20 km hissəsində (Ağsu rayonu, Qaravəlli kəndi) Şəxs MMC tərəfindən alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yolunun mühafizə zolağında kommunikasiya xətti çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.1996-cı il tarixində dövlət qeydiyyata alınmışdır, hüquqi ünvanı ünvan 1 olan Kürdəmir rayonunun Şahbəyli, Bala Kəngərli, Ucarlı və Cəyli kəndlərarası ərazisində fiber-optik kabel xətlərinin keçirilməsi üçün 07 iyun 2024-cü il tarixli, 045 nmrəli texniki şərtdən görünür ki, Sözügedən FO kabel xətlərinin respublika əhəmiyyətli R-11 Ağsu - Kürdəmir - Bəhramtəpə avtomobil yolu ilə 3 yerdə (18-ci, 20-ci və 23-cü kilometrlərdə) kəsişməsi və yerli əhəmiyyətli Y- 33-10 R-11 (18 km) - Bala Kəngərli - Şahbəyli, Y-33-11 R-11 (20 km) - Ucarlı, Y-33-12 R-11 (23 km) - Cəyli avtomobil yollarına paralel keçirilməsi nəzərdə tutulur. FO kabel xətləri aşağıdakı şərtlər daxilində keçirilməlidir: 1-FO kabel xəttinin R-11 Ağsu - Kürdəmir - Bəhramtəpə avtomobil yolu ilə kəsişmələri qapalı (xəndəksiz qazma) üsulla və düz bucaq altında yerinə yetirilməlidir, 2-FO kabel xətti yol örtüyünün səthindən ən azı 2,0 m dərinlikdə qoyulmuş mühafizə borusunun içərisindən keçirilməklə yerinə yetirilməlidir. Mühafizə borusunun uzunluğu, 60 metrdən (yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən hər tərəfə 30 m) az olmamalıdır (Nazirlər Kabinetinin 08 fevral 2017-ci il tarixli 44 №-ii Qərarının 3.4-cü bəndi). Avtomobil yoluna paralel keçirildiyi hissələrdə FO kabel xətti ilə yolun hər bir istiqaməti üzrə hərəkət hissəsinin mərkəzi arasındakı məsafə respublika əhəmiyyətli yolda 30,0, yerli əhəmiyyətli yollarda 12,5 metrdən az olmamalıdır (Nazirlər Kabinetinin 11 sentyabr 2015- ci il tarixli 298 №-li Qərarının 1.1 və 1.2-ci bəndləri). Mövcud yerli şəraitin imkanlarını və kabellərin paralel keçiriləcəyi yolların kəndin içərisində olduğunu nəzərə alaraq, FO kabel xətlərinin istisna hal kimi avtomobil yolunun mühafizə zolağı ilə, yolun qaşından 1,0 metrdən az olmayan məsafədə yola paralel keçirilməsinə icazə verilir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 11-1/2-548-125/2024 nömrəli bildirişindən görünür ki, 16 oktyabr 2024-cü il tarixdə Şəxs tərəfindən R-11, Ağsu - Kürdəmir - Bəhramtəpə respublika əhəmiyyətli avtomobil yolunun mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydaları pozularaq, alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya xətti (rabitə xətti) çəkməklə inzibati xəta hadisəsi törədilmiş, bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəxs əməkdaşlarına hüquq və vəzifələri izah olunmuş, lakin onlar inzibati xətaya dair protokolu imzalamaqdan və təhvil almaqdan imtina etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X4 Xidmətinin əməkdaşları xidməti əraziyə baxış keçirən zaman R-11 Ağsu-Kürdəmir-Bəhrəmtəpə Respublika əhəmiyyətli avtomobil yolunun 20 km hissəsində (Ağsu rayonu, Qaravəlli kəndi) Azərbaycan Avtomobil Yolları Dövlət agentliyi tərəfindən verilmiş 045 nömrəli, 07 iyun 2024-cü il tarixli texniki şərtin Şəxs MMC tərəfindən aşağıda qeyd edilən tələblərinin pozularaq kommunikasiya (rabitə xətti) çəkilməsi aşkar edilmişdir. Sözü gedən şərtin 1-ci və 2-ci bəndlərinin tələbləri pozularaq Fiber optik kabel xəttinin R-11 Ağsu-Kürdəmir- Bəhrəmtəpə Respublika əhəmiyyətli avtomobil yolu ilə kəsişmələri qapalı (xəndəksiz qazma) üsulu və düz bucaq altında yerinə yetirilməli və fiber optik kabel xətti yol örtüyünün səthindən ən azı 2 metr dərinlikdə qoyulmuş mühafizə borusunun içərisi ilə aparılması nəzərdə tutulmasına baxmayaraq, fiber optik kabel xətti avtomobil yolunun təhkim zolağına yerləşən suötürücü qurğu vasitəsi ilə keçirərək yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Sözü gedən şərtin 3-cü bəndinin tələbinə əsasən, avtomobil yoluna paralel keçrildiyi hissəsində fiber optik kabel xətti yolun hər bir istiqaməti üzrə hərəkət hissəsinin mərkəzi arasında respublika əhəmiyyətli avtomobil yollarında 30 metr, yerli əhəmiyyətli yollarda 12,5 metrdən az olmaması qeyd olunsa da, görülən işlər respublika əhəmiyyətli avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 10- 15 metr məsafədə aparılaraq yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. X4 Xidmətinin publik hüquqi şəxsin bölgə rəisi X9 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 16 oktyabr 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən və diskdən görünür ki, texniki şərtin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 354.0.2-ci maddəsinə əsasən geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, ilə Şəxs barəsində İXM-nin 354.0.2-ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar