Məhkəmə qərarları › İş №3(016)-546/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-546/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-546/2024 25.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ağsu rayonu, Gursulu kəndində anadan olan, orta təhsilli, evli, Rusiya Federasiyasında qeydiyyatda olan, Ağsu rayonu, Gursulu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 338.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:40-da Bakı-Şamaxı-Yevlax yolunun 69.5-ci kmdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, özünü təqsirli hesab etmir. xx.xx.2024-cü il tarixdə təxminən saat 17:30 radələrində onun 8 baş iribuynuazlu heyvanı örüşdən gələn vaxt 7 iribuynuzlu heyvanı gəlmiş, biri isə gəlməmişdir. O, həmin heyvanın arxasıyca getmək istəyən vaxt bir nəfər vətəndaşın onun malını gətirdiyini görmüşdür. Həmin şəxslə danışdıqdan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun heyvanını maşınla vurmuşdur. O, heyvanı yolu keçərkən yox, yolun kənarında vurmuşdur. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17:40 radələrində ona məxsus olan “Hyundai Elantra” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı-Ağsu-Bakı istiqamətində gedirmiş. Ağsu rayonu, Gursulu kəndi ərazisində magistral yoldan keçərkən havanın dumanlı, yağışlı olması görməsinə əngəl yaratmış, qarşıdan gələn nəqliyyat vasitəsinin led işıqları görməsini zəiflətmişdir. Bu zaman sahibsiz malın qarşısından keçməsini görmüş, əyləcə bassa da qəzadan yayına bilməmiş və sahibsiz malın bud hissəsindən xəsarət yetirmişdir. Yol dumanlı və yağıtılı olduğu üçün digər maşınlara əngəl yaratmamaq üçün maşını yolun sağ tərəfinə çəkmiş, heyvanın sahibini tapmaq üçün malların arxasıyca getmişdir. Evin yerini tapıb heyvanın sahibini çağırmış, lakin razılığa gələ bilməmişlər, bu səbəbdən X1 zəng edib qəza barədə məlumat vermişdir. Bu səbəbdən, barəsində İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 338.7-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 12 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 17:40-da Bakı-Şamaxı-Yevlax yolunun 69.5-ci km-də mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. İş materiallarında olan 12 noyabr 2024-cü il tarixli “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə” aktından görünür ki, Zərərçəkmiş şəxs 12 noyabr 2024-cü il tarixdə sərxoş olmamışdır. Beləliklə, Şəxs İXM-in 338.7-ci maddəsinin tələbini pozması, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 338.7-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 338.7-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar