Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-564/2024 27.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, X1 iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3477/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşaq üçün cəmi 324 manat alimentin X3 ödənilməsi qət edilmişdir. Lakin Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3477/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşaq üçün cəmi 324 manat alimentin X3 ödənilməsi barədə icra sənədi daxil olmuş, borclu ilə dəfələrlə əlaqə saxlanılmışdır. May ayına qədər ödənişlər etmişdir, lakin ondan sonra heç bir ödəniş etməmişdir. Hazırda 11056 manat borcu vardır. Hazırda borcundan 150 manat ödəməyə imkanı vardı. Odur ki, barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcundan 950 manat ödəniş etmiş, may ayından sonra səhhəti ilə bağlı problem yarandığı və imkanının olmadığı üçün ödəniş edə bilməmişdir. Hal-hazırda 150 manat ödəyə biləcəyini və bundan sonra da hər ay 150 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirmişdir ki, borclu yalan danışır, ödəniş etmir, hər dəfə Ağsu rayon İcra və Probasiya Şöbəsinə müraciət etməyə utanır. Odur ki, iş üzrə icraat aparılan Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3477/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşaq üçün cəmi 324 manat alimentin X3 ödənilməsi qət edilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3477/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(016)-329/2023 saylı məhkəmə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(107)-274/2023 saylı məhkəmə qərarından görünür ki, zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(016)-329/2023 saylı qərarı ləğv edilmişdir. - İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3477/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşaq üçün cəmi 324 manat alimentin X3 verilməlidir. Hazırda borcu 11056 manat təşkil edir. Qeyd olunanlara əsasən Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, tələbkarın izahatlarını, icra işinin və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarların əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-564/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-564/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver