Məhkəmə qərarları › İş №3(016)-569/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-569/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-569/2024 02.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu Rayon Məhkəməsinin 16(016)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli, 16(016)- 121/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 16(016)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-2(016)-121/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən hər ay 360 manat sabit pul məbləği ilə aliment alınaraq X2 verilməsi barədə icra sənədləri icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Hal-hazırda borclunun yenidən 3.600 manat məbləğində borcu var. Barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Ağsu Rayon Məhkəməsinin 16(016)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli, e- 2(016)-121/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən hər ay 360 manat sabit pul məbləği ilə alimenti X2 ödəməlidir. İmkansızlığı ilə əlaqədar borcunu tam şəkildə ödəyə bilmir. 353 manat əməkhaqqı alır, onun da 70 faizi alimentlə əlaqədar tutulur. Bu günə kimi 720 manat aliment ödəmişdir. Aylıq əməkhaqqından tutulan məbləğdən əlavə pul ödəməyə imkanı yoxdur. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 16(016)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-2(016)-121/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədlərinə əsasən hər ay 360 manat sabit pul məbləği ilə aliment alınaraq ona verilməlidir. Borclunun hal-hazırda 3.600 manat borcu yığılmışdır və borcundan ödəniş etmir. Bu səbəbdən, barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 02 dekabr 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar