Məhkəmə qərarları › İş №3(016)-57/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-57/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-57/2025 19.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs anası ilə mübahisəsi olmuş, bununla bağlı 102 xidmətinə məlumat vermişlər. Məlum olmuşdur ki, mübahisə mülki məsələlərdən başlanmışdır. Polis əməkdaşları onun yaşadığı ünvana ərizə və izahatını almağa getmişlər. Bu vaxt Şəxs sərxoş vəziyyətdə polisin ünvanına nalayiq söyüşlər söymüş polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixində günün gecə saatlarında bir qədər sipirtli içki qəbul etmiş, anası Sevinclə onun arasında mülk məsələsi olduğu üçün tez-tez DİN-in 102 xidmət mərkəzinə zəng etmişdir. Bir qədər sonra polis əməkdaşları onun ünvanına gəlmiş və onun ərizə və izahatını almaq istəmişlər. O, sərxoş olduğu üçün özündən asılı olmadan əsəbləşib ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz hərəkətinə davam etmişdir. Daha sonra onu həmin polis əməkdaşları polis şöbəsinə gətirmişlər. O, polis şöbəsinin inzibati binasının həyətində də öz hərəkətlərinə davam etmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə Ağsu RPŞ-də tərtib edilmiş qrafik üzrə istintaq-əməliyyat qrupunda olarkən, Ağsu şəhər sakini Şəxs Vaiqf oğlu DİN-nin “102” xidməti-zəng mərkəzinə məlumat verərək, qardaşı Elvin tərəfindən bıçaqla hədələnməsini bildirmişdir. Daxili məlumat əsasında RPŞ-nin KMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Təvəkkül Əmirov, TQ-nun baş təhqiqatçısı, polis mayoru Vüsal Hüseynov və NH-nin sürücüsü, polis baş serjantı Elxan Həşimovla birlikdə Şəxs ünvanına yollanmışlar, orada Şəxs verdiyi məlumatla bağlı ərizə və izahat verməsini bildirildi. Şəxs sərxoş vəziyyətdə ərizə və izahat verməkdən imtina etdiyini bildirərək ünvansız nalayiq söyüşlər söyməyə başlamış, o və əməliyyatistintaq qrupunun üzvləri onu nizam intizama dəvət etsələr də, Şəxs öz hərəkətlərinə davam edərək, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, ünvansız nalayiq söyüş söyməyə davam etmişlər. Bundan sonra Şəxs yaşadığı binanın həyətinə düşərək orada öz intizamsız hərəkətlərinə davam edərək yenidən nalayiq söyüşlər söyməyə başlamışlar. Bir daha onu nizam intizama dəvət etsələr də, o öz qanunsuz əməllərinə davam edərək, təkrar onların qanuni tələblərinə qəsədən tabe olmayaraq ünvansız söyüşlər söyməyə davam etmişdir. Bundan sonra həmin şəxs tərəflərindən Ağsu RPŞ-ə gətirilmiş, həkim müayinəsindən keçirilərkən Şəxs ağır dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 19 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:15-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 18 fevral 2025-ci il tarixdən, saat 10:15-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar