Məhkəmə qərarları › İş №3(016)-68/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-68/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-68/2025 01.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilən X1 iştirakı ilə, DİN BDYPİ-nin 06 mart 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin 06 mart 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə 508 saylı xətt üzrə **-JZ- *** dövlət qeydiyyat nişanlı, “BMC-Procity” markalı sərnişin avtobusu ilə saat 06:37 radələrində Moskva prospekti ilə üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən, “Badu Səba” şadlıq sarayının qarşısında “Ford Tranzit” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü dayanacağa daxil olmaq və sərnişinləri düşürmək üçün girəcəyi avtobus zolağının təhlükəsizliyini təmin etmədən soldan sağa sərt giriş manevri edərək, idarə etdiyi avtobusu qabaq sol küncdən vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və sol yan güzgü ilə ön şüşəni yararsız hala salmışdır. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmış, hadisə yerinə Bakı şəhəri DYPİnin polis baş leytenantı X5 yaxınlaşaraq sənədlərini almış və növbəti gün səhər saat 09:00-da Bakı şəhər DYPİ-nə yaxınlaşmaqlarını bildirmişdir. O, hadisənin səhəri günü xx.xx.2025-ci il tarixində saat 09:00-da Bakı şəhəri DYPİ-nə yaxınlaşmış və onu Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X5 qəbul edərək hadisə barədə yazılı izahatını almış, ona əlavə oxuya bilmədiyi bir neçə sənədə imza etdirmiş, protokol və qərarı sonra gəlib götürəcəyini deyərək otağı tərk etməsini əmr etmişdir. Müəyyən müddət keçdikdən sonra inspektorun inzibati tənbeh Qərarını göndərməyəcəyinə əmin olaraq xx.xx.2025-ci il tarixdə yenidən Bakı şəhəri DYPİ-nə yaxınlaşmış və X2 xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolu və eyni tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın alınmasına nail olmuşdur. Qərar tamamilə qanunsuz hesab edir. Belə ki, o, idarə etdiyi **- JZ-*** dövlət qeydiyyat nişanlı, “BMC” markalı sərnişin avtobusunda quraşdırılmış təhülkəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Videodan aydın şəkildə görünür ki, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun qanunla təyin edilmiş avtobus zolağı ilə düzünə hərəkət etdiyi zaman daxil olacaq zolağın hərəkət təhlükəsizliyini təmin etmədən dayanacağa daxil olmaq üçün soldan sağa böyük sürətlə onun qarşısından kəsmə manevri etmək istəyərkən idarə etdiyi avtobusun sol qabaq hissəsini vurur və hadisə baş verir. "xxxx" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onun günahsız olmağı öz təsdiqini tapmışdır. Lakin inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcək. İnspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən vəziyyətini daha da pisləşdirmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs şikayətdə göstərilənləri müdafiə edərək, BDYPİ-nin polis baş leytenantı X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumalandırılsa da məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - DİN BDYPİ-nin 06 mart 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X4 06 mart 2025-ci il tarixdə İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan video görüntüdən müəyyən edildi ki, X4 xx.xx.2025-ci il tarixdə, “BMC-Procity 12M CNG” avtobus markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə avtobus zolağını solundakı zolaqla ayıran nişanlama xəttinin üzərində hərəkət edərkən sağ tərəfində “Hyundai” markalı nəqliyyat vasitəsinin dayandığını gördüyündən, avtobusu saxlamışdır. Bu zaman, avtobusun sağ tərəfində hərəkətdə olan “Ford Tranzit” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü dayanacağa daxil olmaq və sərnişinləri düşürmək üçün sağa dönmə nişanını yandıraraq sağdakı hərəkət zolağına daxil olmaq istərkən “BMC-Procity 12M CNG” avtobus markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 hərəkət edəcəyi zolağın təhlükəsizliyini təmin etmədən hərəkətə başlamış, nəticədə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, DİN BDYPİ-nin 06 mart 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 114, 115, 117 və 134.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. DİN BDYPİ-nin 06 mart 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar