Məhkəmə qərarları › İş №3(016)-7/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-7/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-7/2024 08.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Ağsu rayonu, Maşadqanlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyən, Ağsu rayonu, Aratlı Curuğlu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən Bakı şəhərinin Yol Patrul xidmətinin əməkdaşları ona cərimə protokolu yazdığı üçün həmin gün əsəbləşərək eyni zamanda bir qədər sərxoş olduğundan özündən asılı olmayaraq, AR DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək orada zəng mərkəzinin operatoru ilə bir qədər kobud danışdığı üçün onu xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinin yaxınlığında olan rayonun M.Ə.Rəsulzadə küçəsində CAB-ın əməliyyat müvəkkili tanıdığı Əli Səfərlidən soruşmuşdur ki, onu nə üçün polis şöbəsinə dəvət etmişlər. Ə.Səfərli isə öz cavabında şöbənin inzibati binasına yaxınlaşanda məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, polis şöbəsinə dəvət olunduğu üçün özündən asılı olmayaraq küçədə bir qədər ucadan səs-küy salmış, ünvansız bir neçə kəlmə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışa da o, əsəbi olduğu üçün öz hərkətlərini davam etdirmişdir. O, öz səhvini başa düşür, birdə belə səhvlərə yol verməyəcəyinə söz verir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə ediyi şəxs hadisəni törədən zaman sərxoş olmuşdur. Bu səbəbdən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 08 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Ağsu şəhəri Rəsulzadə küçəsində ucadan səs-küy salıb ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs məhkəmədə göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 08 yanvar 2024-cü il tarixdən, saat 11:00-dən hesablansın. Şəxs məhkəmədə göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar