Məhkəmə qərarları › İş №3(016)-72/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-72/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-72/2025 15.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ağsu rayon Yol patrul xidmətinin baş inspektoru X5, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Ağsu rayon Polis şöbəsinin TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 329.1, 327.2 və 333.1-ci maddələri ilə inzibati xəta törətdiyi barədə Ağsu rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolun və onun əsasında qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Ağsu şəhərində icarə şəklində kiçik bir emalatxanada avtomobil təmiri işi ilə məşğul olub, çilingərlik edir. Atası dünyasını dəyişib, ailəyə tək o kasıbçılıqla baxır. Lakin bu Ağsu YPX ona bu kasıbçılığı etməyə imkan vermir. Belə ki, xx.xx.2025-ci ildə işlədiyi sexdə iş görən zaman, yol patrul xidməti maşını ilə inspektor Orxan Əzizov və Fərid Nəbiyev sexə daxil olaraq ona “içkili olduğunu boynuva al işin yüngülləşsin” deyərək, sexin içərisində uyğun olmayan bir şəraitdə alkotesteri üfürməyini istəmişdilər. O da spirtli içki qəbul etmədiyindən arxayın olduğu üçün polisə etiraz etmədən alkotesterə üfürmüşdür. Cihazdan 0,4 promil içkili olduğunu göstərən nəticə çıxmışdır. Sərxoş olduğunu deyərək, onu iş yerindən öz xidməti maşınlarına otuzdurub Ağsu rayon Polis Şöbəsinə apardılar. Orada ona protokol yazmaq istəmişdilər. Lakin o, buna etirazını bildirərək xəstəxana şəraitində həkim müayinəsindən keçmək istədiyini bildirmişdir. Yol Polisləri onu müayinə üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada həkim də, elə YPX-nin alkotesterindən istifadə edərək spirtli içki qəbul edibetmədiyini yoxladı. Yəni həkimlər onu digər tibbi vasitələr ilə yox, elə həmin cihazın göstəricisinə görə rəyini oradakı qeydiyyat kitabına işləmişdir. Sonra iş gördüyü avtomobili Ağsu rayon Polis Şöbəsinin duracağına salaraq, ona “içkili”, “təhlükəsizlik kəməri” və “yol ayrıcı” qayda pozuntuları ilə bağlı qərarsız protokol tərtib etmişdirlər. Polis Şöbəsindən çıxdıqdan sonra birbaşa yollanmış Bakı şəhərinə. Ona görə ki, özü şəxsən gedib Azərbaycan Respublikası Narkoloji Mərkəzində içkili olub-olmadığını yaxlamışdır. Mərkəzdə onu müayinə etdikdən sonra içkisiz olmadığına dair rəsmi qaydada imzalı, möhürlü dövlət sənədi təqdim etmişdirlər. Ağsu Rayon Məhkəməsinin 3(016)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Ağsu Rayon Polis Şöbəsinin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolundan və onun əsasında qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. X6 həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-159/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsinbə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 3(016)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardan şikayət verən şəxs X6 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, X1 yolayrıcını keçmə qaydalarının pozulması, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması aşkar edilmişdir. O, nəqliyyat vasitəsini saxladıqda düşdükdən sonra polis əməkdaşları ona yaxınlaşmış və qeyd edilən pozuntuları bildirdikdən sonra qanunveriliyin tələblərinə əməl edib, zəruri tədbirlər görmüşlər. Nəticədə, İXM-in 329.1, 327.2 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər əsassızdır və şikayətin təmin olunmamasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Yol Patrul Xidmətinin İnzibati qrup polis kapitanı X2 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Ağsu rayon Polis şöbəsinə göndərilməlidir. - “İnzibati xəta haqqında” İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə İXM-in 329.1, 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. - “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 İXM-in 329.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə olunmuşdur. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli, 45 nömrəli aktından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 10:05- də orta dərəcəli sərxoş olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 tərəfindən xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 15:05-də ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Ağsu RMX” PHŞ-nə alkoqol testləri verilmədiyi üçün X1 qanda alkoqolun konsentrasiyasının müəyyən edilməsi səlahiyyətlərindən xaricdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:05-də “Ağsu RMX” X12 tərəfindən verilən 45 nömrəli akta əsasən X3 orta dərəcəli “alkoqol sərxoşluğu” təyin edilmişdir. Lakin 45 nömrəli akt da müayinə olunan şəxsin qanında alkoqolun miqdarı və bu müayinənin aparılması barədə heç bir məlumat qeyd edilməmişdir. X6 xx.xx.2025-ci il tarixdə, saat 15:05-də yuxarıda adı gööstərilən mərkəzdə öz təşəbbüsü ilə təkrar müayinə olunmuş və sərxoşluq əlamətləri aşkarlanmamışdır. Alkotestrin nəticəsi ((0.00 promil). Nəzərə alsaq ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil azalırsa, müayinələrin arasında 5 saat keçməsini nəzərə alaraq 2 müayinə arasında ziddiyyət aşkarlanmır. - Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən əldə edilmiş 04 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Ağsu RMX PHŞ-in TTY şöbəsində həkim norkoloq olmadığı üçün TTY şöbəsi üzrə işləyən həkim X4 həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İş materiallarına əlavə edilmiş 28 fevral 2025-ci il tarixli 45 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, müayinə aktını alan şəxs həmin akta imza etməmiş, müayinəni həyata keçirən şəxs bununla bağlı hər hansı qeyd aparmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. İş materiallarına əlavə edilmiş 28 fevral 2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, müayinəni aparan həkimin həkim-narkoloq olub-olmaması müəyyən edilmir. Həmçinin 04 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Ağsu RMX PHŞ-in TTY şöbəsində həkim norkoloq olmadığı üçün TTY şöbəsi üzrə işləyən həkim X4 həvalə edilmişdir. Bundan başqa həmin cavab məktubunda göstərilmişdir ki, Ağsu RMX PHŞ-in TTY şöbəsində alkotester cihazı olmadığı üçün Ağsu Rayon Polis şöbəsinin alkotester cihazı ilə müayinə aparılır. İş materiallarına əlavə edilmiş 28 fevral 2025-ci il tarixli 2/11443 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, X1 müayinənin nəticəsində ayıq olduğu müəyyən edilmişdir. Göründüyü kimi, X1 barəsində Ağsu RMX PHŞ-in TTY şöbəsində alkoqol sərxoşluğu ilə bağlı aparılmış tibbi müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına uyğun icra edilmədiyindən, bundan sonra onun digər tibb müəssisəsində yenidən müayinədən keçirilərkən onda alkoqol sərxoşluğunun aşkar edilməməsi onun əməlində İXM-in 333.1-ci maddəsinin mövcudluğuna şübhə yaratmışdır. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Ağsu rayon Polis şöbəsinin TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən, bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Ağsu rayon Polis şöbəsinin TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağsu rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar