Məhkəmə qərarları › İş №3(016)-93/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-93/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-93/2025 10.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu rayonu, Çiyni kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar (bundan sonra İXM) 535.1, 510 və 206-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu şəhəri, Nizami küçəsində ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. RPŞ-yə gətirildiyində şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağsu RPŞ-nin İTBnin sahə rəisi, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evin qarşısında spirtli içki qəbul etmişdir. Daha sonra gəzmək məqsədilə Ağsu şəhərində yerləşən “Zərifə Əliyeva” adına parka getmişdir. Orada polis əməkdaşlarının ona yaxınlaşdığını görmüşdür. Həyəcanlanmış və qaçmağa başlamışdır. Həmçinin polis əməkdaşları ona yaxınlaşdıqda tabesizlik göstərərək ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu Ağsu RPŞ-nə dəvət etdilər. Lakin o, yenidən tabesizlik göstərərək, gəlməkdən imtina edib nalayiq ifadələr işlətmişdir. Daha sonra onu Ağsu RPŞ-nə gətirmişdirlər. Burada etdiyi əməlin öz ehtiyyatsızlığından olduğunu, düzgün davranış olmadığını başa düşmüşdür. Əlavə olaraq bildirmişdir ki, təxminən 6 ay əvvəl psixotrop maddə olan patı kimi adlanan, metamfetamini aliminyum falqanın içərisinə doldurub, sonra yandırıb, tüstüsünü ağzından siqaret çəkdiyi kimi çəkərək qəbul edirmiş. Təxminən 1 ay əvvəl isə narkotik vasitə olan qurudulmuş marixuananı kağıza doldurub, siqaret çəkdiyi kimi çəkərək qəbul etmişdir. 09 aprel 2025-ci il tarixdə polis əməkdaşları Ağsu şəhərində parkda onu saxlayarkən özündən asılı olmayaraq, onlara qarşı gəlmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci tarixdə xidmətdə olan zaman bir nəfər şəxsin ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söydüyünü görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, daha sonra həmin şəxsə ictimai asayışı pozduğunu və qaydanı pozduğunu izah etmişdir. Onu intizama dəvət etsə də, o, qanuni tələblərə qəsdən tabe olmayaraq öz intizamsız hərəkətlərini davam etdirmiş və qaçmışdır, bundan sonra saxlanılaraq Ağsu RPŞ-nə gətirmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, 1233/2025 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində MET (metamfetamin), THC (marixuana) aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 545 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən və psixotrop maddə olan metamfetamin epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanılması rədd edilmiş və Azərbaycan Respublikasnın İXM-206-cı maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Asu rayon X5 Təhlükəsiz Bölməsinə göndərilmişdir. - MN seriyalı, ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs narkotik vasitədən qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq küçə söyüşləri söyərək İXM-nin 535.1, 510 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:00-da müayinə olunmuş və ağır dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli X4 Haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1, 510, 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1, 510 və 206-cı maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Eyni zamanda İXM-nin 206-cı maddəsinin dispozisiyasından göründüyü kimi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi İXM-in 206-cı maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirini etiraf edib peşman olmasını, üzr istəməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hadisəni törədərkən ağır dərəcəli sərxoş olmasını İXM-nin 33.1.7-ci maddəsinə (inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi) əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 535.1, 510 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 09 aprel 2025-ci il tarixdən, saat 02:20-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar