Məhkəmə qərarları › İş №3(017)-1/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-1/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-1/2024 08.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi və "xxxx" MMC-nin nümayəndəsi Ağcabədi rayon Vəkil bürosunun vəkili X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 1 ünvanında yerləşən, VÖEN ********** olan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə 30 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati protokol tərtib edilərək Ağcabədi Rayon Məhkəməsinə göndərilmiş və inzibati xəta haqqında material 13 dekabr 2023-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İş materiallarına əlavə olunmuş 30 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati protokoldan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X2 tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditinin aparılmamasına görə törədilmiş inzibati xətaya görə inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 1 ünvanında yerləşən, VÖEN ********** olan hüquqi şəxs "xxxx" MMC barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Bununla da hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati tənbeh vermə müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC 2021-ci ilin maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün 2022-ci ilin axırına kimi müstəqil auditor cəlb etməli idi. Lakin "xxxx" MMC 2021-ci ilin maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün 2022-ci ilin axırına kimi müstəqil auditor cəlb etməmişdir. Bununla da hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iş üzrə inzibati tənbeh vermə müddəti isə keçmişdir. Belə ki, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli qərarına əsasən “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati tənbeh vermə müddəti keçdiyi üçün "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 48-53, 114, 128-130 və 53.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar