Məhkəmə qərarları › İş №3(017)-116/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-116/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-116/2025 06.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ağcabədi rayon Polis Şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs-şikayətçi X5 iştirakı ilə, Ağcabədi rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan və 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X9 tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi X8 izahatında göstərdi ki, onun barəsində Ağcabədi rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi X6 tərəfindən 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Protokolun tərtib edilməsinə əsas kimi onun 03 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayan X1 əl ilə vuraraq ona xəsarət yetirməsi göstərilmişdir. 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Belə ki, hadisənin baş verməsindən 1 il keçdikdən sonra cərimə olunmuşdur. Həmin vaxt ərzində ona heç bir xəbərdarlıq edilməmiş və ona görə də hesab edir ki, qərar qərəzli olaraq qəbul edilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon Polis Şöbəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayan X3 ərizə ilə Ağcabədi rayon Polis Şöbəsinə müraciət edərək X5 onu döydüyünü bildirmişdir. Hadisə ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması barədə qərar qəbul olunmuş və X8 barəsində inzibati qaydada tədbir görülməsi üçün material icraatına qəbul edilmişdir. X8 Azərbaycan Respublikasının ərazisini tərk etdiyi üçün icraatın dayandırılması barədə qərar qəbul etmiş, X8 ölkəyə qayıtdıqdan sonra icraatı təzələmiş və X8 barəsində 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq şikayətin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş 21 yanvar 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, X5 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X9 tərəfindən tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X8 03 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayan X1 əl ilə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buradan da görünür ki, X5 hərəkətində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilən inzibati xəta tərkibi yaranmışdır. X5 barəsində Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X9 tərəfindən 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi X8 barəsində 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ondan ötrü ki, o 03 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayan X1 əl ilə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buradan da görünür ki, X5 hərəkətində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilən inzibati xəta tərkibi yaransa da, onun barəsində Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X9 tərəfindən qərar inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdıqdan sonra, yəni İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində göstərilən inzibati xətanın törədildiyi gündən 1 il müddət keçdikdən sonra qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 həmin qərar barədə olan şikayəti əsaslıdır. Bundan başqa, X8 şikayətində Ağcabədi rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunun da ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, həmin protokolun ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1 və 128.2.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayəti qismən təmin edilməli, inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmadığından Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X9 tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında icraata xitam verilməli və şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunması barədə Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X9 tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar