Məhkəmə qərarları › İş №3(017)-138/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-138/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-138/2025 04.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu məhkəmə iclasının katibi X1, inzibati xəta törədən şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə 17 avqust 1967-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs “Tamstore” mağazasına məxsus 01 ədəd, 214,28 manat dəyərində X3 markalı tekilla içkisi və 01 ədəd, 95,68 manat dəyərində Hendircks markalı viski içkisi oğurlayaraq “Tamstore” mağazasına ümumilikdə 309,96 manat zərər vurmaqla özgə əmlakını talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 2025-ci il yanvar ayının ortalarında və xx.xx.2025-cil tarixlərdə alış-veriş etmək üçün Tamstore mağazasına getmiş, orada vitrində olan 01 ədəd 214,28 manat dəyərində X3 markalı tekilla içkisini və 01 ədəd, 95,68 manat dəyərində Hendircks markalı viski içkisini gizli olaraq götürüb üzərində olan gödəkçənin altında gizlədərək mağazaya ödəniş etmədən çıxaraq oğurlamışdır. Hazırda törətdiyi əməlindən peşman olmasını, onun yaşını və ikinci dərəcəli əlil olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək bildrdi ki, Şəxs 2025-ci il yanvar ayının ortalarında və xx.xx.2025-cil tarixlərdə alış-veriş etmək üçün Tamstore mağazasına getmiş, orada vitrində olan 01 ədəd 214,28 manat dəyərində X3 markalı tekilla içkisini və 01 ədəd, 95,68 manat dəyərində Hendircks markalı viski içkisini gizli olaraq götürüb gizlədərək mağazaya ödəniş etmədən çıxaraq oğurlamışdır. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarında olan 01 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkar şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 2025-ci ilin yanvar və fevral aylarında Tamstore mağazasından 01 ədəd 214,28 manat dəyərində X3 markalı tekilla içkisini və 01 ədəd, 95,68 manat dəyərində Hendircks markalı viski içkisini oğurlayaraq Tamstore mağazasına 309,96 manat zərər vurmaqla özgə əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi yaranmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün səmimi etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi, ikinci dərəcəli əlil olması və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasına görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34-1 ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə İXM-nin 227-ci maddəsinə əsasən barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. AR İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs 02 mart 2025-ci il tarixdən inzibati qaydada həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 150 ( yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar