Məhkəmə qərarları › İş №3(017)-18/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-18/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-18/2025 03.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs-X1nun iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə olunmuşdur. Qarabağ ərazisində işlədiyi üçün və həmin ərazidə telefon bağlantısı olmadığı üçün qərar qəbul edilərkən və bundan sonrakı vaxtlarda qərar barədə məlumatı olmamışdır. Bu barədə məlumatı olduqdan sonra qərar qəbul etmiş orqanla əlaqə saxlayaraq qanunsuz cərimə olunmasını bildirmiş və həmin orqandan qərar qəbul edilərkən onunla əlaqə saxlaya bilmədiklərini ona demişlər. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin qərarda adı qeyd edilmiş şəxs, yəni X7 ilə aralarında əmək müqaviləsi bağlanmaqla ona iş üçün icazələr alınmış, daha sonra həmin şəxslə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, inzibati xəta haqqında qərarda adı qeyd edilən həmin şəxs onun tərəfindən hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Həmçinin, inzibati xəta haqqında qərarda adı qeyd edilən həmin şəxsin adının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemindən çıxarılması üçün aidiyyəti orqanlara da müraciət olunmuş, lakin texniki nasazlıqlar səbəbindən həmin icazələrin ləğv edilməsi mümkün olmamışdır. Bununla da onun hərəkətlərində hər hansı bir inzibati xəta hadisəsi mövcud olmamışdır. Həmçinin qərarda digər 3 nəfər şəxsin də əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi qeyd olunmuşdur. Onun xeyli sayda işçiləri vardır və həmin işçiləri müqavilə əsasında işlərə cəlb etmişdir. Qərarda digər 3 nəfərin adları qeyd olunmadığı üçün həmin şəxslərin sənədlərini məhkəməyə təqdim etməmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə vəsatətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, X3 şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsindən, bildirişdən və əmrdən görünür ki, X7 ilə X6 arasında 14 mart 2024-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq Suvaqçı işinə qəbul olunmuş, 03 may 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və qeyd edilən hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı iş üzrə tədqiq edilmiş sübutlara əsasən belə müəyyən olunur ki, X6 ilə X7 arasında müvafiq qaydada əmək müqaviləsi bağlanılaraq X7 14 mart 2024-cü il tarixdə Suvaqçı işinə qəbul olunmuş, daha sonra isə 03 may 2024-cü il tarixdə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş və bu hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. Bundan sonra, X6 tərəfindən X4 adına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazənin ləğvi barədə aidiyyəti orqanlara müraciət olunmuşdur. Bundan sonra, X2 Gündüz Güloğlan oğlu tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qərar qəbul edilərkən X4 X6 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsi qeyd olunsa da, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə eyni zamanda belə hesab edir ki, X6 ilə X7 arasında əmək müqaviləsinə xitam verildikdən sonra həmin şəxsin adına verilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində yerləşdirilmiş icazənin ləğv olunmaması qeyd edilən şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi anlamına da gəlməməlidir. Qeyd edilən bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən, yəni inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsi baxımından X3 xeyrinə şərh edilməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş qərarda X6 tərəfindən X4 və digər 3 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsi qeyd olunsa da, digər 3 nəfərin adları qeyd olunmadığından bu hal məhkəmədə araşdırılmamışdır. Bütün bunlara əsasən də məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından X6 tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X11 Xidmətinin əməkdaşı vəzifəli şəxs barəsində qərar qəbul edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsi tərəfindən araşdırma aparmadan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 3000 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab olunur. Şərh olunan hallara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ regional şöbəsinin 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar