Məhkəmə qərarları › İş №3(017)-183/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-183/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-183/2023 28.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X6 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə qərar tərtib edilmişdir ondan ötrü ki, o, 11 fevral 2023-cü il tarixdə Bərdə rayonu ərazisində Xam torpaq adlanan yerdə lazımı icazə olmadan qanunsuz ov etməklə ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında şikayətçi X6 izahat verərək bildirdi ki, Bərdə rayonu ərazisində torpaq sahəsi var. Orada özü və ailəsinin dolanışığı üçün heyvan saxlayır. Özünə məxsus ov tüfəngi var və saxlanılan gün ov tüfəngi idarə etdiyi avtomobildə olmuşdur. Tüfəngi avtomobildə ov etmək məqsədi ilə saxlamamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində torpaq sahəsindən avtomobillə geri qayıdarkən avtomobili saxlayıb yolun kənarında avtomobildə olan termosdan çay içməyə başlamış, həmin vaxt Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona yaxınlaşıb şəkilləri çəkib avtomobildə olan ov tüfəngini götürmüşlər. Halbuki ov silahı qanuni sənədlə ona məxsusdur. Silahı ov etmək məqsədiilə avtomobildə saxlamamış, ondan atəş açmamış və heç bir ov etməmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuz tərtib edilmişdir. Odur ki, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə şikayətçi X6 ov etmək icazəsi olmadan ov tüfəngini ov etmək məqsədi ilə avtomobilində gəzdirdiyi üçün Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən düzgün olaraq onun barəsində protokol tərtib edilmişdir. Protokol əsasında qəbul olunmuş qərarla X6 1000 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qərar qanunu və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi rayon polis şöbəsi tərəfindən verilmiş 73 nömrəli şəhadətnamədən görünür ki, 12 kalibrli “Ata arms” markalı 13/D02911 nömrəli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün xx.xx.2014-cü il tarixdə X5 verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 rayonu ərazisində Xam torpaq gölü deyilən göldə və gölün ətrafında ov etməyə icazə vərəqi olmadan qanunsuz olaraq ov etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1000 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə tərəflərin izahatını dinləyib ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1 və 19.2-ci maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir “Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir”. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X2 rayonu ərazisində xam torpaq adlanan yerdə torpaq sahəsi var. Orada özü və ailəsinin dolanışığı üçün heyvan saxlayır. Özünə məxsus ov tüfəngi var və həmin tüfəng qanunla müəyyən olunmuş qaydada adına sənədləşdirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılan gün ov tüfəngi idarə etdiyi avtomobildə olmuşdur. Həmin gün qeyd olunan tüfəngdən ov etmək məqsədilə atəş açılması, saxlanılan vaxt istifadə olunmuş güllə (patron) və yaxud ov heyvanının vurulması, başqa sözlə ov edilməsi aşkar edilməmişdir. Avtomobildə aşkar olunmuş tüfəngin həmin gün ov etmək məqsədi ilə saxlanması müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xəta haqqında qərarda qeyd edilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-53, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar