Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-2/2024 08.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin məsləhətçisi əmək müfəttişi X4 və şikayət vermiş şəxs X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin 10 fevral 2023-cü il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi Akif Baxşəliyev tərəfindən qəbul olunmuş 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərara əsasən X6 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. X6 həmin qərardan şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi Akif Baxşəliyev tərəfindən qəbul olunmuş 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edərək verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsi tərəfindən 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsasız hesab edir. Belə ki, 05 yanvar 2023-cü il tarixdə Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Təyin edildiyi gündən idarədə yol verilmiş qanun pozuntularının və bu pozuntulara səbəb olmuş bəzi işçilərin barəsində ciddi tədbir görülməsi üçün qanuna müvafiq qaydada tədbirlərin görülməsi təmin edilmişdir. 16 yanvar 2023-cü il tarixdə idarədə inspektor vəzifəsində işləyən X5 üzrsüz səbəb olmadan işə gəlməməsi və idarə rəhbərinə qarşı vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müdaxilə etməsi və idarənin iş rejimini pozması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi haqqında əmr imzalamış və həmin əmrə əsasən Aynur İsmayılova işdən azad edilmişdir. Bundan sonra Aynur İsmayılova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinə şikayət edərək qanunsuz işdən çıxarıldığından tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsi tərəfindən Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə Aynur İsmayılovanın öz işinə qaytarılması məqsədə müvafiq hesab edilmişdir. Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsi öz növbəsində Müfəttişliyin qərarını nəzərə almış, idarədə aparılmış struktur dəyişiklik ilə əlaqədar yeni ştat cədvəlində “inspektor” ştatı olmadığı üçün Aynur İsmayılovaya 14 fevral 2023-cü il tarixli 37 nömrəli məktub ilə rəsmi olaraq başqa vəzifə (yəni əməliyyatçı) təklif edilmişdir. X10 həmin vəzifədən imtina etmişdir. Bu barədə akt tərtib edilərək əmək müfəttişliyinə rəsmi məlumat verilmişdir. Lakin Əmək müfəttişliyi Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin bu fəaliyyətinə düzgün qiymət verməyərək əsassız olaraq 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi Akif Baxşəliyev tərəfindən qəbul olunmuş 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin məsləhətçisi əmək müfəttişi X9 izahat verərək bildirdi ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142-çağrış mərkəzinə” və X7 Xidmətinə etdiyi Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsində qeyri-qanuni işdən azad olunması və əmək hüquqlarının pozulması barədə şikayət ərizələrinə X7 Xidməti Qarabağ regional şöbəsində baxılmışdır. Şikayət ərizələrinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, X2 əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Yol verilmiş nöqsana görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Yol verilmiş nöqsanın aradan qaldırılması üçün Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə xx.xx.2023-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmışdır. Yol verilmiş nöqsana uyğun olaraq idarənin rəisi Səfər Səfərov barəsində 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin yol verilmiş hüquqpozma ardan qaldırılmadığına görə 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qanuni qüvvəyə minmişdir. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi Akif Baxşəliyev tərəfindən qəbul olunmuş 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəis müavini xanım Nərmin Mirzəyevaya ünvanlanmış 3-17-5/3-1-3386/2023 nömrəli xidməti məruzədən görünür ki, Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin yerli orqana ünvanlandığı 28 fevral 2023cü il tarixli 39 nömrəli məktuba əsasən müəssisənin yeni ştat cədvəlində “inspektor” ştatı olmadığı üçün Aynur İsmayılovaya “əməliyyatçı” vəzifəsinin təklif edildiyi, lakin onun imtina etdiyi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş qətnamənin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-5.3-cü maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsi yol verilmiş nöqsanın aradan qaldırılması üçün Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə xx.xx.2023-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmış, həmin göstərişə uyğun olaraq idarənin rəisi Səfər Səfərov müəssisənin yeni ştat cədvəlində “inspektor” ştatı olmadığı üçün Aynur İsmayılovaya “əməliyyatçı” vəzifəsinin təklif etmiş, X10 həmin təklifdən imtina etmişdir. Bu barədə akt tərtib edilərək əmək müfəttişliyinə rəsmi məlumat verilmişdir. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin 10 fevral 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilərək X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin 10 fevral 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-2/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-2/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver