Məhkəmə qərarları › İş №3(017)-240/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-240/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-240/2025 15.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs-şikayətçi X2 iştirakı ilə, Bakı şəhəri DYPİ-nin polis kapitanı X4 20 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri DYPİ-nin polis kapitanı X6 tərəfindən qəbul edilmiş 20 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri DYPİ-nin polis kapitanı X6 tərəfindən qəbul edilmiş qərarının ləğv edilməsini və baş vermiş yol-nəqliyyat hadisəsində birbaşa günahkar olan **-CT-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü barəsində inzibati tənbeh vermə haqqında qərarın verilməsinin Bakı şəhəri DYPİ-nin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 izahatında göstərdi ki, 19 aprel 2024-cü il tarixdə 141E saylı marşurut xətti üzrə **-JC-*** dövlət qeydiiyat nişanlı “BMD Procity” markalı sərnişin avtobusu ilə saat 10:00 radələrində H.Əliyev prospekti ilə üzü Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Milli Aviasiya Akademiyasının qarşısında **-CT-*** dövlət qeydiiyat nişanlı “Daveoo BS090 avtobus” markalı sərnişin avtobusunun sürücüsü dayanacağa daxil olmaq və sərnişini düşürmək üçün təhlükəsizliyi təmin etmədən soldan sağa sərt giriş manevri edərək onun idarə etdiyi avtobusu qabaq sol küncdən vuraraq yolnəqliyyat hadisəsi törətmiş və sol yan güzgü ilə ön şüşəni yararsız hala salmışdır. Hadisədən dərhal sonra DİN-nin 102 zəng xidnətinə hadisə ilə bağlı məlumat vermişdir. Hadisə yerinə Bakı şəhəri DYPİ-nin polis kapitanı X6 yaxınlaşaraq ondan sənədlərini almış və növbəti gün saat 09:00-da Bakı şəhəri DYPİ-nə yaxınlaşmasını bildirmişdir. 20 aprel 2025-ci il tarixdə Bakı şəhəri DYPİ-bə yaxınlaşmışdır. Orada Bakı şəhəri DYPİ-nin polis kapitanı X6 onu qəbul edərək hadisə barədə izahat verməsini və günahsız olduğu halda hadisəni günahkar kimi etiraf etməsini bildirmişdir. Bu zaman o, TŞ videokamerasının görüntülərini tələb etsə də, ona göstərilməmişdir. Barəsində tərtib edilmiş protokolu tələb etdikdə ona qərarı sonra gəlib götürməsini bildirmişlər. Sonra o, videogörüntüləri əldə etmək üçün Cəmiyyətə müraciət etmiş və videogörüntüləri əldə etmişdir. Növbəti gün videogörüntülərlə birlikdə Bakı şəhəri DYPİ-nin polis kapitanı X4 qəbuluna getmişdir. Lakin, X6 orada olamadığından onunla telefonla əlaqə saxlamış və Vahid Əliyev öz qərarını verdiyini bildirərək onunla bir otaqda işləyən əməkdaşa qərarın ona təqdim edilməsi tapşırığını vermişdir. Həmin əməkdaş ona 20 aprel 2025-ci il tarixli İXP ******* saylı protokolu və eyni tarixli 20 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı təqdim etmişdir. Həmin qərarı ədalətli və qanuni hesab etmir. Belə ki, onun idarə etdiyi **-JC-*** dövlət qeydiiyat nişanlı “BMD Procity” markalı sərnişin avtobusunda quraşdırılmış kameradan da görünür ki, o **-CT-*** dövlət qeydiiyat nişanlı “Daveoo BS090 avtobus” markalı sərnişin avtobusunun sürücüsünün sol tərəfdən manevr etmək cəhdini görmüş və dərhal avtobusu saxlayaraq avtobusun ötüb keçməsini gözləmişdir. Lakin, **-CT-*** dövlət qeydiiyat nişanlı “Daveoo BS090 avtobus” markalı sərnişin avtobusunun sürücüsü dayanacağa daxil olmaq və sərnişini düşürmək üçün təhlükəsizliyi təmin etmədən soldan sağa sərt giriş manevri edərək onun idarə etdiyi avtobusu qabaq sol küncdən vuraraq yoı-nəqliyyat hadisəsi törətmiş və sol yan güzgü ilə ön şüşəni yararsız hala salmışdır. "xxxx" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılarkən bu hal öz təsdiqini tapmışdır. Lakin, polis inspektoru tərəfindən aparılmış araşdırma zamanı ədalətsiz qərar qəbul edilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri DYPİ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Bakı şəhəri DYPİ-nin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə işə Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 20 aprel 2025-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Nərimanov rayonu ərazisində **-JC-*** dövlət qeydiiyat nişanlı “BMD Procity” markalı sərnişin avtobusu ilə hərəkətdə olan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərfə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı şəhəri DYPİ-nin polis kapitanı X6 tərəfindən qəbul edilmiş 20 aprel 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçi X3 dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə məsuliyyət yaranır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materialları ilə müəyyən edildi ki, X5 barəsində 20 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ondan ötrü ki, o 20 aprel 2025-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Nərimanov rayonu ərazisində **-JC-*** dövlət qeydiiyat nişanlı “BMD Procity” markalı sərnişin avtobusu ilə hərəkətdə olan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərfə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X2 hərəkətində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, X5 tərəfindən məhkəməyə təqdim edilmiş SD diskə baxış keçirilərkən X2 qərarda göstərilən inzibati xətanı törətməsi, yəni 20 aprel 2025-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Nərimanov rayonu ərazisində **-JC-*** dövlət qeydiiyat nişanlı “BMD Procity” markalı sərnişin avtobusu ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilən inzibati xətalardan hər hansı birini törətməsi öz təsdiqini tapmamışdır. Həmçinin inzibati xətalar qanunvericiliyinin məqsədləri baxımından sübutetmə yükü nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də ki məhkəmənin üzərinə düşür. Bu vəzifə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Lakin, şikayətə baxılması ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nəinki öz nümayəndəsinin iştirakını təmin etməmiş, zəruri sübutları da məhkəməyə təqdim etməmişdir. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, belə olan halda X2 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Bundan başqa, X5 şikayətində baş vermiş yol-nəqliyyat hadisəsində birbaşa günahkar olan **-CT-*** dövlət qeydiiyat nişanlı avtobusun sürücüsü barəsində inzibati tənbeh vermə haqqında qərarın verilməsinin Bakı şəhəri DYPİ-nin üzərinə vəzifə kimi qoyulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət qismən təmin olunmaqla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunması barədə Bakı şəhəri DYPİ-nin polis kapitanı X6 tərəfindən qəbul edilmiş 20 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməli və şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunması barədə Bakı şəhəri DYPİ-nin polis kapitanı X6 tərəfindən qəbul edilmiş 20 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar