Məhkəmə qərarları › İş №3(017)-252/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-252/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-252/2023 11.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, H.Aslanov küçəsi, ev 27-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində barəsində Ağcabədi rayon Məhkəməsinin 2(017)-45/2022 saylı, 13 yanvar 2022-ci il tarixli icra sənədinin icrası yerinə yetirilməmiş və Şəxs ödənilməmiş 2300 manat borcu və 30 manat dövlət rüsumu qalmışdır. İcra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, o, barəsində çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır. İcra məmurunun qanuni tələbindən heç vaxt imtina etməmişdir. Ağcabədi rayon Məhkəməsinin 2(017)-45/2022 saylı, 13 yanvar 2022-ci il tarixli icra sənədi üzrə 2500 (iki min beş yüz) manat pulun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Lakin o, indiyədək borcundan 200 manat ödəniş etmişdir. O, heç yerdə işləmədiyi və maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Lakin hazırda tələbkar Zərərçəkmiş şəxs ilə öz aralarında razılaşmışlar, hazırda borcundan 700 manat ödəniş edərək qlıq qalan 1631 manatı hər ay hissə-hissə ödəyəcəkdir və tələbkar Zərərçəkmiş şəxs bunu öz ərizsi ilə təsdiq etmişdir. Odur ki, göstərilən xüsusatları nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatt verərək bildirdi ki, Ağcabədi rayon Məhkəməsinin 2(017)-45/2022 saylı, 13 yanvar 2022-ci il tarixli icra sənədi üzrə 2500 (iki min beş yüz) manat pulun Şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs borcundan 200 manat ödəniş etmişdir. Hazırda Şəxsla öz aralarında razılaşmışlar, Şəxs hər ay borcundan ödəyəcəkdir. Hal-hazırda 700 manat ödəyərək qalıq qalan 1631 manat borcunu hər ay hissə-hissə ödəməsini öz ərizəsi ilə təsdiq etmişdir. Odur ki, Şəxs barəsində olan iş üzrə icrata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Ağcabədi rayon Məhkəməsinin 2(017)-45/2022 saylı, 13 yanvar 2022-ci il tarixli icra sənədi üzrə 2500 (iki min beş yüz) manat pulun Şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs borcundan 200 manat ödəniş etmişdir. Hazırda Şəxsla öz aralarında razılaşmışlar, Şəxs hər ay borcundan ödəyəcəkdir. Hal-hazırda 700 manat ödəyərək qalıq qalan 1631 manat borcunu hər ay hissə-hissə ödəməsini öz ərizəsi ilə təsdiq etmişdir. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatını, tərəflərin razılığını və Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 çıxışını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs icra sənədini icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi göstərilsə də, onun icra sənədini hansı səbəbdən icra etməməsi və icra məmurunun hansı qanuni tələblərini yerinə yetirməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarından görünür ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunv ericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir (“İcra haqqında” Qanunun 15-ci maddəsi). Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar