Məhkəmə qərarları › İş №3(017)-257/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-257/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-257/2024 29.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət X6 Regioanl Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 16, mənzil 44-də qeydiyyatda olmaqla, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X6 Regioanl Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Rüstəmov X3 rayonunun Aşağı Avşar kəndi ərazisində işlətdiyi “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsində müvafiq icazə almadan açıq məkanda reklam yerləşdirmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində yerləşən “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsi ona məxsusdur. Həmin yanacaqdoldurma mətəqəsində heç bir reklam lövhəsi yerləşdirilməmişdir. Reklam haqqında qanunun tələblərini heç bir zaman pozmamışdır. Hazırda həmin yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərmir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X6 Regioanl Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Ağcabədi rayon sakini Rüstəmov X3 rayonunun Aşağı Avşar kəndi ərazisində yerləşən “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsində reklam şiti yerləşdirərək Reklam haqqında qanunun tələblərini pozmuşdur. Bu səbəbdən də Şəxs barəsində protokol tərtib edilmişdir. Hal-hazırda Şəxs Reklam haqqında qanunun tələblərini yerinə yetirməmişdir. Odur ki göstərilən xüsusatların nəzərə alınmasını və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, MN ******* nömrəli, 06 may 2024-cü il tarixli protokola əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi həmin məlumatların daşıyıcıları YDMnin ərazisində yerləşir, həmçinin reklam deyil məlumat xarakteri daşıyır və YDM-nin təyinatı, adı, iş rejimi barədədir, alıcının marağını formalaşdırmaq, diqqətini cəlb etmək məqsədi daşımır. Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni və satışını situmullaşdırmaq məsədi ilə yayımlanan məlumatdır. 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. 16-cı maddəsinə əsasən əmtəənin qiymətinin dəyişməsi haqqında reklam. 16.1-ci maddəsinə əsasən əmtəənin qiymətinin dəyişməsinin reklamında aşağıdakı məlumatlar göstərilməlidir: 16.1.1-ci maddəsinə əsasən qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi müddəti: 16.1.2-ci maddəsinə əsasən qiyməti dəyişdirilən əmtəələrin siyahısı: 16.1.3-cü maddəsinə əsasən qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti: 16.2-ci maddəsinə əsasən reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır. 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi Yəhya Petrol YDM-nin üzərində yerləşdirilmiş yazılar müəssisəinin iş rejimini, həmçinin benzinin və dizelin Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətdə satışını göstərməklə istehlakçılara hər hansı endirim və ya güzəştli şərtlər təklif olunmamaqla hər hansı əmtəənin reklam edilməsi və ya yuxarıda sadalanan maddələrdən də göründüyü kimi digər reklam xarakteri daşımamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 32, 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar