Məhkəmə qərarları › İş №3(017)-258/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-258/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-258/2024 24.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş 07 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs müvafiq icazə olmadan açıq məkanda Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində qanunsuz olaraq reklam yayımlamışdır. Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X2 göstərdi ki, Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları xidməti reyddə olan zaman Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən Şəxsnə məxsus “Emil Klinikası”nın qarşısında açıq məkanda 12 kv.m həcmdə müvafiq icazə olmadan reklam qurğusunun yerləşdirilməsini aşkar etmişlər. İdarənin əməkdaşları reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini obyekt rəhbərliyinin diqqətinə çatdıılmış, bununla bağlı yazılı göstəriş verilmiş və Şəxsnə güzəşt müddəti təyin edilmişdir. Lakin, buna məhəl qoyulmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən 07 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeş tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Şəxs nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs müvafiq icazə olmadan açıq məkanda Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində qanunsuz olaraq reklam yayımlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alıb Şəxs barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib beş min manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar