Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-324/2024 11.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, orta tahsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i: Şəxs 08 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Ağcabədi RPŞ-nin inzibati binasında nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərdi ki, o, sərxoş vəziyyətdə evdə olan zaman anası ilə aralarında münaqişə yaranmış, anasıda buna əsəbləşərək 102 xidmətinə zəng edərək polis əməkdaşlarını çağırmışdır. Sonra polis əməkdaşları onu RPŞ-nə gətirmişdir. O, polis şöbəsində olan zaman ucadan səs-küy salmamış və nalayiq ifadələr işlətməmişdir. Odur ki, məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs polisin qanuni tələbini yerinə yetirməməsi göstərilsə də, onun polisin hansı qanuni tələblərini yerinə yetirməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polisin qanuni tələblərinin yerinə yetirilməməsinə və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməsi göstərilmişdir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası vətəndaşıdır, Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsində qeydiyyatda olmaqla yaşayır, polisin qanuni tələblərindən yayınmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Ona görə hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-324/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-324/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver