Məhkəmə qərarları › İş №3(017)-345/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-345/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-345/2024 25.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 333-1.1 və 342.2.3-cü maddələri ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M üə y y ə n e t d i m: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 333-1.1 və 342.2.3-cü maddələri ilə tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 25 iyun 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında toplanmış materialları tədqiq edərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İş materialları araşdırılarkən müəyyən olundu ki, X2 nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmiş, lakin X1 narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması üçün tibbi yoxlamadan keçirilməmişdir. Bu natamamlığı isə işə baxılarkən tamamlamaq mümkün deyildir və ona görə də inzibati xəta haqqında 11 iyun 2024-cü il tarixli, İXP ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Ağcabədi rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində isə təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 333-1.1 və 342.2.3-cü maddələri ilə tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağcabədi rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar