Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-512/2024 23.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Ağcabədi rayonunun Qaraxanlı kəndində yerləşən Şəxs MMC haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə EP ******* nömrəli 22 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 11 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Material üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nə də işin təxirə salınması barədə onlardan hər ansı bir vəsatət daxil olmamışdır. Bu halda, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddəsinin tələbinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş protokola əsasən 11 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim etmədiyinin qeyd edildiyini, həmin iş üzrə Şəxs MMC tərəfindən 2024-cü ildə X3 ticarət limited şirkətinə ödəniş edildiyini və yük gömrük bəyannaməsinə əsasən malın idxal olunduğunu bildirərək Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan gömrük bəyannaməsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Beləliklə Şəxs MMC tərəfindən vəsait hesabına alınan mallar ölkəyə idxal olunduğu üçün Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m:
1. İnzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim Etibar Quliyev