Məhkəmə qərarları › İş №3(017)-531/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-531/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-531/2024 02.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş 18 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları vaxtında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs işin baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığından Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinin dispozisiyasına görə yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vaxtında təqdim etməməsi qeyd olunsa da, protokola əlavə edilmiş sənədlərdən görünür ki, Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişdir. Göründüyü kimi, artıq 24 iyul 2024-cü il tarixdə Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs sözügedən pozuntunu aradan qaldıraraq müvafiq məlumatları səlahiyyətli orqana (9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) rəsmi qaydada təqdim etmişdir. Sözügedən pozuntu aradan qaldırıldıqdan xeyli müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, məhkəmə bunu qanunvericiliyin tələbinə uyğun hesab etmir. Çünki, Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs tərəfindən sözügedən pozuntu aradan qaldırıldığına görə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin istinad etdiyi inzibati xəta protokolun tərtib edildiyi xx.xx.2024-cü il tarixdə daha mövcud deyildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən 18 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar