Məhkəmə qərarları › İş №3(017)-547/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-547/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-547/2024 04.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli 16 nömrəli əmri ləğv edilməli, Zərərçəkmiş şəxs Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin baş mühəndis vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməlidir. Həmin icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və bu barədə tərəflərə məlumat verilmişdir. İcra vərəqəsi üzrə borclu Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi Ağcabədi rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində baş mühəndis vəzifəsinin ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradıldığını və tələbkar Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsinə bərabər tutulan şöbəyə rəisi vəzifəsinə təyin edildiyi bildirilmişdir. Lakin, tələbkar öz əvvəlki işinə bərpa olunmasını tələb etmişdir. Həmçinin Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi tərəfindən tələbkara məcburi iş buraxmaya görə ödəniləcək məbləğ Ağcabədi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüş, bu bərədə tələbkara məlumat verilmiş, lakin tələbkar həmin pulu qəbul etməkdən imtina etmişdir. Bütün bu səbəblərdən də Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin 2023-2024-cü illər üzrə təsdiqlənmiş ştat cədvəlində baş mühəndis vəzifəsi ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradılmış və baş mühəndis vəzifəsinə bərabər tutulan həmin şöbə rəisi vəzifəsi ilə əvəz edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tələbkar Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsinə bərabər tutulan Mənzil Təsərrüfatı şöbəsinə rəis vəzifəsinə təyin edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli 107 nömrəli əmr verilmişdir. Bu barədə rəsmi qaydada Zərərçəkmiş şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. Həmçinin Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi tərəfindən tələbkara məcburi iş buraxmaya görə ödəniləcək məbləğ də Ağcabədi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Lakin, buna baxmayaraq əsasız və qanunsuz olaraq idarə haqqında protokol tərtib edilmişdir. Protokolu qanunsuz və əsassız hesab edir və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1183/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin 2024-cü il tarixə təsdiqlənmiş ştat cədvəlində baş mühəndis vəzifəsi ləğv edilərək Mənzil Təsərrüfatı şöbəsi yaradıldığı üçün tələbkar Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsinə bərabər tutulan həmin şöbəyə rəis vəzifəsinə təyin edilmişdir. Həmçinin məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq Zərərçəkmiş şəxs ödənilməsi üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Buradan da göründüyü kimi inzibati xəta haqqında protokolda Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin icra sənədini icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi göstərilsə də, onun icra sənədini hansı səbəbdən icra etməməsi və icra məmurunun hansı qanuni tələblərini yerinə yetirməməsi öz əksini tapmamış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarından görünür ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir (“İcra haqqında” Qanunun 15-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar