Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-571/2025 22.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 7 saylı X5nin nümayəndəsi baş məsləhətçimüfəttiş X1 iştirakı ilə, «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsi haqqında Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 7 saylı X5 tərəfindən daxil olmuş inzibati xətaya dair materiala məhkəmə baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi şəhəri H.Hacıyev küçəsi 104-də yerləşən «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixdə xəstəxanada formalaşan tullantı sularının kənara təyinatsız axıtmışdır ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 7 saylı X5nin nümayəndəsi baş məsləhətçi-müfəttiş X3 izahat verərək bildirdi ki, Suların İstifadəsinə və X2 Xidməti 7 saylı X5nin xx.xx.2025-ci il tarixli 36 nömrəli sərəncamına əsasən xidməti ərazi üzrə Azərbaycan Respublikasının Su Məcəlləsinin sudan istifadə qaydalarının və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi şəhəri H.Hacıyev küçəsi 104-də yerləşən «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsinin (40 02 26 N; 47 26 29 E kordinatda) ərazisində formalaşan tullantı sularını təyinatsız olaraq kənara axıdılması faktı aşkar olunduğu üçün «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsinin barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, protokol qanuni və əsaslıdır. Odur ki, «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsi barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Material üzrə işin məhkəmə baxışı 22 dekabr 2025-ci il tarixə təyin edilməklə, bu barədə məlumat «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsinə vaxtında bildirilməsinə baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda, məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinin tələbinə əsasən, «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsinin təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ağcabədi şəhəri H.Hacıyev küçəsi 104-də yerləşən «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsinin (40 02 26 N; 47 26 29 E kordinatda) ərazisində formalaşan tullantı sularını təyinatsız olaraq kənara axıdılması faktı aşkar edilmiş və bununla bağlı dəstək xidmətləri şöbəsinin texniki dəstək bölməsinin bölmə müdiri X4 araşdırmada səlahiyyətli nümayəndə kimi iştirak edərək bildirmişdir ki, Ağcabədi şəhəri üzrə mərkəzi kanalizasiya şəbəkəsi mövcuddur, xəstəxananın kanalizasiya şəbəkəsinə qoşulması üçün aidiyyəti qurumlara müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:
1. «Ağcabədi rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsi (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 ( iki min) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin.
2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Etibar Quliyev