Məhkəmə qərarları › İş №3(017)-596/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-596/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-596/2023 08.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 13 iyul 2023-cü il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, hüquqi şəxs Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq X2 istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ regional şöbəsinin icrası məcbur olan 12 iyun 2023-cü il tarixli, 317- 5/2-i-21230/7/2023 saylı göstərişini icra edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hüquqi şəxs Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq X2 istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ regional şöbəsinin icrası məcbur olan 12 iyun 2023-cü il tarixli, 317-5/2-i- 21230/7/2023 saylı göstərişini icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Hüquqi şəxs Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib iki min manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar