Məhkəmə qərarları › İş №3(017)-662/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-662/2024

27.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-662/2024 27.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əşraf oğlunun iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Ağcabədi rayonunun H.Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs Əşraf oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 oktyabr 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Əşraf oğlu 17 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Ağcabədi rayonunun H.Təzəkənd kəndində ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş və bununla əlaqədar 25 oktyabr 2024-cü il tarixdə Ağcabədi RPŞ-yə gətirilərkən Ağcabədi RPŞ-nin inzibati binasında səs-küy salıb ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əşraf oğlu özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 17 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Ağcabədi rayonunun Təzəkənd kəndində qardaşının həyətində toy məclisi olmuş və həmin vaxt həmkəndlisi Rusifə bir sillə vuraraq toy məclisindən çıxıb getməsini bildirmişdir. Lakin, həmin vaxt səs-küy salmamış, ictimai qaydanı pozmamışdır. Bununla əlaqədar 25 oktyabr 2024-cü il tarixdə Ağcabədi RPŞ-nə dəvət olunmuş və onun izahatı alınmışdır. Lakin, həmin vaxt da səs-küy salmamış, ictimai qaydanı pozmamış və polis əməkdaşlarına qarşı heç bir hərəkət etməmişdir. Məhkəmədən ona köməklik olunmasını və ona cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyən X2 izahatında göstərdi ki, 17 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində keçirilən toy məclisində dava-dalaş olması, ictimai qaydanın pozulması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 25 oktyabr 2024-cü il tarixdə Şəxs Əşraf oğlu digər şəxslərlə birlikdə Ağcabədi RPŞ-yə dəvət olunmuş, Şəxs Ağcabədi RPŞ-də uca səslə danışıb nalayiq ifadələr işlətmiş, onu nizamintizama dəvət etsə də, Şəxs onun qanuni tələblərinə tabe olmamışdır. Ona görə də bu barədə raport yazmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Əşraf oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Əşraf oğlu 17 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Ağcabədi rayonunun H.Təzəkənd kəndində ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş və bununla əlaqədar 25 oktyabr 2024-cü il tarixdə Ağcabədi RPŞ-yə gətirilərkən Ağcabədi RPŞ-nin inzibati binasında səs-küy salıb ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əşraf oğlunun qeyd olunan inzibati xətaları törətməsində təqsiri şahidin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materiallarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əşraf oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əşraf oğlu haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilməsi, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Əşraf oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əşraf oğluna təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Materiala əlavə edilmiş 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs Əşraf oğlu törətdiyi inzibati xətalara görə 25 oktyabr 2024-cü il tarixdə saat 16:15-də tutulmuşdur. Ona görə də inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Əşraf oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 25 oktyabr 2024-cü il tarixdən saat 16:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar